“Bir Könüllü” təşkilatının könüllüləri Molekulyar Biologiya İnstitutunda olublar + Foto
Mart 13, 2026 | 20:25 / Mühüm hadisələr
Martın 11-də “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin könüllüləri – ölkənin müxtəlif universitetlərinin Kimya və Biologiya fakültələrində təhsil alan 32 tələbə AR ETN Molekulyar Biologiya İnstitutu PHŞ-də olublar. Görüş çərçivəsində tələbələr institutun fəaliyyət istiqamətləri, həyata keçirilən elmi layihələr və aparılan tədqiqatlar barədə məlumatlandırılıblar. İnstitutun mütəxəssisləri tərəfindən gənclərə müasir elmi avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda aparılan fundamental tədqiqat işləri haqqında ətraflı məlumat verilib. Tələbələr laboratoriyalarla yaxından tanış olub, burada istifadə olunan müasir cihazlar və onların elmi araşdırmalarda tətbiqi barədə məlumat əldə ediblər. Həmçinin molekulyar biologiya, genetika və biotexnologiya sahələrində aparılan tədqiqatların əsas istiqamətləri barədə təqdimatlar edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb. Belə görüşlərin əsas məqsədi gənclərin elmə marağını artırmaq, onları müasir elmi tədqiqat mühiti ilə tanış etmək və gələcəkdə elmi fəaliyyətə cəlb olunmalarına dəstək göstərməkdir.