sa sa 1599
Akademik İradə Hüseynova beynəlxalq konfransın açılış mərasimində çıxış edib + Foto Mart 18, 2026 | 16:00 / Konfranslar, iclaslar

AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya İnstitutunun direktor v.i.e., akademik İradə Hüseynova Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən təşkil olunan “Tibbi biotexnologiya sahəsində yeniliklər” mövzusunda beynəlxalq onlayn elmi konfransda açılış nitqi ilə çıxış edib.

Konfransın keçirilməsində əsas məqsəd tibbi biotexnologiya sahəsində aparılan elmi tədqiqatların nəticələrinin müzakirəsi və paylaşılması, müasir yanaşma və innovativ texnologiyaların təqdim edilməsi, həmçinin bu istiqamətdə fəaliyyət göstərən yerli və xarici mütəxəssislər arasında elmi əməkdaşlığın genişləndirilməsi olub.

Akademik İradə Hüseynova çıxışında konfrans iştirakçılarını salamlayaraq bildirib ki, tibbi biotexnologiyalar hazırda fundamental elm və innovasiyaların ən sürətlə inkişaf edən sahələrindən birinə çevrilib. O qeyd edib ki, son illərdə biologiya, tibb və rəqəmsal texnologiyaların inteqrasiyası nəticəsində bu sahədə mühüm elmi nailiyyətlər əldə olunub. Natiq vurğulayıb ki, xüsusilə molekulyar biologiya və genom texnologiyalarının inkişafı xəstəliklərin molekulyar mexanizmlərinin daha dərindən öyrənilməsinə və onların müalicəsində yeni yanaşmaların formalaşmasına geniş imkanlar yaradır.

Akademik İradə Hüseynova diqqət çəkib ki, həm fundamental elmin, həm də praktik səhiyyənin inkişafı, yeni diaqnostik və profilaktik metodların tətbiqi istiqamətində mühüm nəticələrin əldə olunması yerli və beynəlxalq səviyyədə multidissiplinar əməkdaşlığın genişləndirilməsi ilə sıx bağlıdır.

Tədbirdə Azərbaycan, Türkiyə və Kipr universitetlərini təmsil edən alim və mütəxəssislərin tibbi biotexnologiyanın müxtəlif istiqamətləri üzrə məruzələri dinlənilib. Biotexnologiyaların və rəqəmsal texnologiyaların tibbdə tətbiqi, müasir tədqiqat metodları, xəstəliklərin diaqnostikasında yeni yanaşmalar, molekulyar-genetik tədqiqatların perspektivləri və s. kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılıb.