Molekulyar Biologiya İnstitutunda Novruz bayramı qeyd olunub + Foto
Mart 19, 2026 | 10:48 / Tədbirlər
AR ETN Molekulyar Biologiya İnstitutunda Novruz bayramı qeyd olunub. Novruz ənənələrinə uyğun olaraq institutun həyətində bayram tonqalı qalanıb. Əməkdaşlar tonqal ətrafına toplaşaraq qədim adət-ənənələrimizi yaşadıb, səmimi bayram abu-havasında bir araya gəliblər. Bildirilib ki, Novruz bayramı təbiətin oyanışını, baharın gəlişini, yenilənmə və dirçəlişi simvolizə edən qədim xalq bayramıdır. Bu bayram insanlar arasında birlik, mərhəmət və xeyirxahlıq kimi dəyərlərin möhkəmlənməsinə xidmət edir. Xüsusi olaraq qeyd olunub ki, bu il Novruz və Ramazan bayramlarının eyni dövrə təsadüf etməsi bu günlərin mənəvi əhəmiyyətini daha da artırır, cəmiyyətdə həmrəyliyin, qarşılıqlı hörmətin və paylaşma ruhunun güclənməsinə töhfə verir. Eyni zamanda, Ramazan ayı və Ramazan bayramı islam dünyasında xüsusi əhəmiyyətə malik olub, mənəvi saflıq, səbir, mərhəmət və paylaşma kimi ali dəyərləri təcəssüm etdirir. Bu müqəddəs günlər insanları bir-birinə daha yaxınlaşdırır, ehtiyacı olanlara dəstək olmağın vacibliyini xatırladır.