AR ETN Molekulyar Biologiya İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov 1918-ci ilin mart hadisələrinin tarixi kökləri, həmin dövrdə azərbaycanlılara qarşı həyata keçirilmiş qətliamlar və bu faciənin xalqımızın yaddaşında buraxdığı dərin izlər barədə ətraflı məlumat verib. O bildirib ki, bu hadisələrin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması hər bir azərbaycanlının mənəvi borcudur. Daha sonra AMEA-nın müxbir üzvü İbrahim Əzizov çıxış edərək Azərbaycanlıların Soyqırımı Gününün tarixi əhəmiyyətindən danışıb. O qeyd edib ki, 31 Mart hadisələri yalnız keçmişin faciəsi deyil, eyni zamanda milli yaddaşın və kimliyin qorunması baxımından mühüm dərsdir. Alim bu cür tədbirlərin keçirilməsinin gənc nəslin tariximizin həqiqətləri barədə məlumatlandırılmasında xüsusi rol oynadığını vurğulayıb. Tədbir iştirakçıları 1918-ci ildə baş vermiş soyqırımı hadisələrinin mahiyyəti, səbəbləri və nəticələri barədə fikirlərini bölüşüblər.
Tədbirin sonunda 31 Mart hadisələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.