Molekulyar Biologiya İnstitutunda WUF-13-ə həsr olunmuş maarifləndirici tədbir keçirilib + Foto
Mart 18, 2026 | 15:12 / Tədbirlər
AR ETN Molekulyar Biologiya İnstitutunda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində "Qlobal şəhərsalma gündəliyində Azərbaycanın yeri: dayanıqlı şəhərsalma, "agıllı şəhər" və yaşıl inkişaf təşəbbüsləri" mövzusunda tədbir keçirilib. Tədbirin məqsədi urbanizasiya, dayanıqlı inkişaf, ekoloji mühitin qorunması və bu sahədə elmi yanaşmaların müzakirəsi olmuşdur. Tədbiri giriş sözü ilə İnstitutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Durna Əliyeva açaraq, tədbirin əhəmiyyətindən bəhs etmişdir. O, çıxışında Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına toxunaraq, ölkəmizdə dayanıqlı inkişaf strategiyasının həyata keçirilməsi, şəhər mühitinin yaxşılaşdırılması və ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu kimi beynəlxalq təşəbbüslər elmi ictimaiyyət üçün aktual məsələlərin müzakirəsi baxımından mühüm platformadır. Daha sonra tədbirdə çıxış edən AMEA-nın müxbir üzvləri Novruz Quliyev və İbrahim Əzizov, biologiya üzrə elmlər doktoru Həsən Babayev, fəlsəfə doktorları Afiq Məmmədov, Ələmdar Məmmədov, Aqil Əhmədli və elmi işçi Aygün Sadiqova urbanizasiya proseslərinin ətraf mühitə təsiri, biomüxtəlifliyin qorunması və müasir şəhərsalma yanaşmalarında elmin rolu ilə bağlı fikirlərini bölüşmüşlər. Bildirilmişdir ki, sürətli urbanizasiya şəraitində ekoloji problemlərin həlli yalnız kompleks elmi yanaşmalar və innovativ texnologiyaların tətbiqi ilə mümkündür. Çıxışlarda şəhər ekosistemlərinin davamlılığı, iqlim dəyişikliklərinin təsirləri, həmçinin antropogen amillərin təbii mühitə təsiri kimi aktual məsələlərə toxunmuşlar. Qeyd olunmuşdur ki, şəhər mühitində ekoloji balansın qorunması üçün elmi əsaslandırılmış yanaşmaların hazırlanması və tətbiqi zəruridir. Sonda tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparmış, suallar cavablandırılmış və gələcəkdə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanmışdır. Qeyd edilmişdir ki, bu cür tədbirlər elmi biliklərin mübadiləsi və aktual problemlərin həlli istiqamətində mühüm əhəmiyyət kəsb edir.