Molekulyar Biologya İnstitutunda Akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyi münasibətilə tədbir keçirilib + Foto
Apr 28, 2026 | 15:43 / Tədbirlər
AR ETN Molekulyar Biologiya İnstitutunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva-nın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan institutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Durna Əliyeva akademik Zərifə Əliyevanın zəngin elmi irsindən bəhs edərək, onun Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolunu vurğulayıb. O, belə tədbirlərin görkəmli alimlərin irsinin yaşadılması və gənc nəsil arasında elmə marağın artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra tədbirdə çıxış edən AMEA-nın müxbir üzvləri Novruz Quliyev, İbrahim Əzizov, Pənah Muradov, biologiya üzrə fəlsəfə doktoru İlham Əliyev, elmi işçi Fidan Qüdrətova akademikin Azərbaycan elminə, xüsusilə oftalmologiya sahəsinə verdiyi mühüm töhfələrdən bəhs etmişlər. Qeyd edilmişdir ki, Zərifə Əliyeva yalnız görkəmli alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət olaraq Azərbaycan cəmiyyətində dərin iz qoymuşdur. Çıxış edənlər akademikin elmi irsinin bu gün də aktuallığını qoruduğunu, onun əsərlərinin və tədqiqatlarının müasir tibbin inkişafında mühüm rol oynadığını bildirmişlər. Vurğulanmışdır ki, Zərifə Əliyevanın elmi fəaliyyəti göz xəstəliklərinin öyrənilməsi və müalicəsi sahəsində yeni metodların tətbiqi ilə yadda qalmışdır.
Tədbirin sonunda akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.