Molekulyar Biologiya İnstitutunun əməkdaşları Mikologiya Üzrə Multidissiplinar Konfransda iştirak ediblər + Foto
May 15, 2026 | 23:00 / Konfranslar, iclaslar
Ümumrusiya İctimai Təşkilatı olan Milli Mikologiya Akademiyasının təşkil etdiyi Mikologiya Üzrə Multidissiplinar Konfrans Moskva şəhərində 13-14 may tarixlərində baş tutub. Konfransın keçirilməsində məqsəd mikologiya sahəsində yeni elmi nəticələrin və metodların müzakirəsi; biologiya, tibb, kənd təsərrüfatı, ekologiya, biotexnologiya və farmakologiya kimi sahələr arasında əməkdaşlığın gücləndirilməsi; fitopatogen, tibbi və sənaye əhəmiyyətli göbələklərin öyrənilməsi üzrə təcrübə mübadiləsi olub. AR ETN Molekulyar Biologiya İnstitutunun əməkdaşları müzakirələrin onlayn sessiyasında iştirak ediblər. Mikologiya və fitopatogen mikroorqanizmlər laboratoriyasının müdiri, bilogiya üzrə fəlsəfə doktoru, dosent İradə Babayeva “Abşeron torpaqlarından ayrılmış Arthrobotrys cinsinə aid göbələklərin yırtıcı aktivliyinə üzvi və mineral torpaq əlavələrinin təsiri (in vitro)” mövzusunda, Mikrobioloji biotexnologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Vəfa Həsənova isə “Azərbaycanda yem bitkilərinin mikobiotasının formalaşmasında iştirak edən fitopatogen göbələklər və onların ümumi mikobiotada xüsusi çəkisi” mövzusunda çıxış ediblər. Əməkdaşlarımızın məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.