sa sa 108
Biologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əsədovanın 70 yaşı tamam olur May 16, 2026 | 09:00 / Yubileylər

Bu gün AR ETN Molekulyar Biologiya İnstitutunun Biotexnologiya və biomühəndislik laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əsədovanın 70 yaşı tamam olur. Sədaqət Əsədova 1956-cı il mayın 16-da Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) məzunudur. Sədaqət Əsədova namizədlik dissertasiyasını bitki fiziologiyası ixtisası üzrə müdafiə edib və uzun illərdir bitki fiziologiyası və biotexnologiya sahələrində səmərəli elmi fəaliyyət göstərir. O, 70-dən çox elmi əsərin müəllifidir.  Alimin əsas elmi nailiyyətləri sırasında yonca bitkilərində morfogenetik proseslərin hormonal tənzimlənməsinin öyrənilməsi, yüksək regenerasiya potensialına malik yerli yonca ştammının əldə olunması, auksinlərin bitki toxumalarına differensial təsirinin müəyyən edilməsi, kallus-embriogenez və morfogenez proseslərində müxtəlif osmotik komponentlərin rolunun araşdırılması xüsusi yer tutur. Sədaqət Əsədova tərəfindən stres şəraitində fotosintezin enerji təminatında və tənəffüs prosesində rolu, karbon qazının reassimilyasiyasının qapalı in vitro sistemdə fotosintezin aktivləşməsinə təsiri öyrənilib, embrionların xloroplastlarında elektron nəqliyyat zəncirinin formalaşması və duz stresinə adaptiv dəyişikliklər tədqiq edilib. Alim laboratoriya əməkdaşları ilə birlikdə zəfəranın (Crocus L.) sürətləndirilmiş çoxaldılması üsullarının işlənib hazırlanmasında iştirak edib, perspektivli arpa sortlarının morfogenez qabiliyyəti araşdırılıb, həmçinin Stevia rebaudiana Bertoni bitkisinin aseptik cücərtiləri əldə edilib, rus və türk sortlarından ibarət kolleksiya yaradılıb.

Sədaqət xanım mehriban və qayğıkeş münasibəti, gənc tədqiqatçılara daim dəstək göstərməsi ilə həmkarlarının dərin rəğbətini qazanıb. Molekulyar Biologiya İnstitutunun kollektivi Sədaqət xanımı 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni elmi nailiyyətlər arzulayır.