sa sa 105
Azərbaycanlı alimlər WUF13 çərçivəsində keçirilən tədbirlərdə iştirak ediblər + Foto May 20, 2026 | 13:20 / Konfranslar, iclaslar

Mayın 18-də AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e., akademik İradə Hüseynova Bakıda keçirilən XIII Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan bir sıra beynəlxalq tədbirlərdə, sərgi və milli stendlərdə iştirak edib, müxtəlif ölkələrin nümayəndələri ilə görüşlər keçirib.

BMT-nin İnsan Məskənləri Proqramı – UN-Habitat tərəfindən təşkil olunan və “Dünyanın məskunlaşdırılması: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr edilən WUF13 çərçivəsində akademik İradə Hüseynova “İqlim və yaşayış mühiti əlaqəsi”, “Tullantıların idarə olunmasından dairəvi iqtisadiyyata keçid”, “Sağlam yaşayış məkanlarının nəbzi” və s. adlı xüsusi sessiyalarda iştirak edib. O, burada dayanıqlı urbanizasiya, iqlim dəyişiklikləri, şəhər ekosistemlərinin qorunması, biomüxtəliflik, yaşıl enerji, ekoloji təhlükəsizlik və insan sağlamlığı ilə bağlı müasir çağırışların müzakirə olunduğu platformalarla yaxından tanış olub.

Akademik Forumda keçirilən sessiyalarda iqlim dəyişikliklərinin şəhər infrastrukturuna, yaşayış məkanlarına və ətraf mühitə təsiri, yaşıl keçid strategiyaları, karbon emissiyalarının azaldılması, dayanıqlı şəhər planlaşdırılması, urban biomüxtəliflik və innovativ ekoloji həllər məsələləri müzakirə olunub.

Forum çərçivəsində fəaliyyət göstərən Urban Expo sərgi zonasında akademik İradə Hüseynova müxtəlif ölkələrin milli pavilyon və stendlərində olub. Burada müxtəlif ölkələrin nümayəndələri, elmi qurumlar, beynəlxalq təşkilatlar və innovasiya mərkəzlərinin təmsilçiləri ilə fikir mübadiləsi aparılıb, mümkün elmi əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Tədbirlərdə akademik İradə Hüseynova ilə yanaşı, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin və AR ETN Molekulyar Biologiya İnstitutunun əməkdaşları da iştirak ediblər.