sa sa 92
Molekulyar Biologiya İnstitutunun rəhbərliyi və əməkdaşları WUF13-də olublar + Foto May 21, 2026 | 09:59 / Mühüm hadisələr

Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) tədbirləri çərçivəsində mayın 20-də AR ETN Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e., AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova tədbirin müxtəlif platformalarında və beynəlxalq pavilyonlarında keçirilən görüş və müzakirələrdə iştirak edib.

Forum çərçivəsində akademik Azərbaycan pavilyonunda təqdim olunan ekspozisiyalarla yaxından tanış olub. Burada ölkəmizdə həyata keçirilən dayanıqlı şəhərsalma siyasəti, “yaşıl enerji”yə keçid strategiyası, ekoloji təhlükəsizlik tədbirləri, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi ilə bağlı təqdimatlar böyük maraq doğurub.

Akademik İradə Hüseynova həmçinin Türkiyə, Özbəkistan və digər qardaş ölkələrin pavilyonlarında olub, burada urbanizasiya, şəhər ekosistemlərinin qorunması, innovativ idarəetmə modelləri, ekoloji davamlılıq və müasir şəhər infrastrukturu sahəsində təqdim olunan layihələrlə tanış olub. Görüşlər zamanı həmin ölkələrin nümayəndələri ilə elm, innovasiya, biotexnologiya, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf istiqamətlərində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Forum iştirakçıları ilə aparılan söhbətlər zamanı Azərbaycanın son illərdə əldə etdiyi inkişaf göstəriciləri, ölkədə hökm sürən sabitlik və təhlükəsizlik mühiti, yaşıl enerji siyasəti, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sürətli və müasir bərpa-quruculuq işləri yüksək qiymətləndirilib. Xarici nümayəndələr Azərbaycanın dayanıqlı inkişaf, şəhərsalma və ekoloji transformasiya sahəsində həyata keçirdiyi layihələrin beynəlxalq səviyyədə diqqətlə izlənildiyini bildiriblər.

Akademik İradə Hüseynova ilə yanaşı, WUF13 forumu çərçivəsində bütün qeyd edilən fəaliyyətlərdə AR ETN Molekulyar Biologiya İnstitutunun əməkdaşları da iştirak ediblər.