Molekulyar Biologiya İnstitutunun əməkdaşları Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar + Foto
İyn 03, 2026 | 13:00 / Ezamiyyətlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunun əməkdaşları elmi tədqiqat işləri çərçivəsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında ezamiyyətdə olublar. Ezamiyyə zamanı bütöv genom üzrə assosiasiyaların tədqiqi məqsədilə sahə şəraitində əkilmiş 200-ə yaxın buğda genotipi, eləcə də sort sınağına daxil edilmiş nümunələr üzərində fenoloji müşahidələr aparılıb. Bitkilərin inkişaf mərhələləri, ümumi vegetativ vəziyyəti, çiçəklənmə fazasına keçidi və stres əlamətlərinin olub-olmaması qiymətləndirilib. Cari mövsümdə havaların yağışlı keçməsi ilə əlaqədar olaraq sahədə hələlik quraqlıq şəraitinin formalaşmadığı müşahidə edilib. Xüsusi cihaz vasitəsilə aparılmış ölçmələr zamanı torpağın nəmliyi təxminən 75% təşkil edib ki, bu da bitkilərin normal inkişafı üçün əlverişli rütubət rejiminin mövcud olduğunu göstərir. Müşahidələr zamanı Alman mənşəli genotiplərdən istifadə edilməklə alınmış hibrid materialların və backcrossing məhsullarının ümumi inkişaf vəziyyətinin yaxşı olduğu müəyyən edilib. Eyni zamanda, bəzi Alman mənşəli genotiplər arasında fenoloji inkişafda müəyyən gecikmələr də qeydə alınıb. Aparılmış fenoloji müşahidələr buğda genotiplərinin Qobustan şəraitində adaptasiya xüsusiyyətlərinin, inkişaf dinamikasının və seleksiya baxımından perspektivliyinin qiymətləndirilməsi üçün əhəmiyyətli olub.