sa sa 35
Molekulyar Biologiya İnstitutunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib + Foto İyn 05, 2026 | 18:39 / Tədbirlər

İyunun 5-də Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

İnstitutun Həmkarlar təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Səadət Xudaverdiyeva ölkəmizdə insan hüquqlarının qorunması sahəsində aparılan islahatlar və həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilib.

S.Xudaverdiyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ənənəvi olaraq hər il bu əlamətdar gün ərəfəsində 18 may-18 iyun tarixlərinin ölkə ərazisində “İnsan Hüquqları Aylığı” elan edildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, “İnsan Hüquqları Aylığı”çərçivəsində paytaxtda və regionlarda insan hüquqlarına həsr olunmuş müxtəlif tədbirlər keçirilir və bu təşəbbüs artıq ənənə halını alıb. Məqsəd cəmiyyətin insan hüquqlarına dair məlumatlılığını artırmaq və bu hüquqların müdafiəsi sahəsində fəaliyyəti təşviq etməkdir.

Tədbirdə AMEA-nın müxbir üzvü Pənah Muradov, fizika üzrə fəlsəfə doktoru Rasim Aslanov, kadrlar üzrə mütəxəssis Mehriban Əhmədova mövzu ilə bağlı çıxış edib, Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi və təşviqi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərdən söz açıblar. Çıxışlarda insan hüquq və azadlıqlarının təbliği, qorunması, şəhər mühitinin insan hüquqları ilə ayrılmaz bağlılığı, erkən nigah, narkomaniya ilə mübarizə, məişət zorakılığı və digər məsələlərə toxunulub.

Vurğulanıb ki, hər bir vətəndaş öz hüququnu bilməli və digərlərinin də hüquqlarına hörmətlə yanaşmalıdır.