Molekulyar Biologiya İnstitutunda Milli Qurtuluş Günü qeyd olunub + Foto
İyn 12, 2026 | 12:00 / Tədbirlər
İyunun 12-də AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Milli Qurtuluş Günündən bəhs edən vidoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən institutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Durna Əliyeva Azərbaycanın müasir dövlətçilik tarixində 15 İyun - Milli Qurtuluş Gününün xüsusi siyasi və tarixi əhəmiyyətə malik olduğunu söyləyib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açıb. Qeyd edib ki, 1993-cü ildə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalı, ölkədə yaranmış ağır ictimai-siyasi vəziyyət, iqtisadi böhran, xaos və anarxiya fonunda dövlət müstəqilliyi, dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu çətin dövrdə xalq Azərbaycanın xilası üçün yeganə real çıxış yolunu dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi. Ümummilli Liderin Azərbaycanda yenidən hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən qurtuldu, hüquqi və demokratik dövlət quruculuğunun əsasları formalaşdırıldı. Heydər Əliyevin siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın gələcək inkişaf strategiyası müəyyənləşdirildi, bu istiqamətdə ilk mühüm addımlar atıldı və sosial-iqtisadi dirçəlişə yol açan islahatlara başlanıldı.
Tədbirdə AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, biologiya üzrə fəlsəfə doktoru Vəfa Həsənova, elmi işçi Günay İsmayılova və kiçik elmi işçi Sevda Mahmudova Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından və ölkənin inkişaf yolunda tarixi xidmətlərindən danışıblar.
Çıxışlarda 1993-cü ildə respublikadakı xaos və anarxiyadan, vətəndaş qarşıdurmasından, getdikcə dərinləşən ictimai-siyasi vəziyyətdən və sosial-iqtisadi böhrandan söz açılıb. Vurğulanıb ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı kimi yazılıb. Məhz bu tarixi qayıdış Azərbaycanı siyasi çəkişmələrdən, parçalanmaqdan, müstəqilliyimizi itirməkdən, vətəndaş müharibəsindən xilas edib.15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsidir.
Diqqətə çatdırılıb ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında və möhkəmləndirilməsində görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətləri olub. Milli Qurtuluş Günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Möhkəm təməllər üzərində qurulan müasir müstəqil Azərbaycanımız bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf edir. Ümummilli Liderin bizə əmanət etdiyi müstəqil Azərbaycanı və dövlətçilik irsini qorumaq hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcudur.