sa sa 93
Qobustan Bölgə Təcrübə Stansiyasında tarla seminarı keçirilib + Foto İyn 16, 2026 | 12:23 / Seminarlar

AR ETN Molekulyar Biologiya İnstitutunun və AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə Qobustan Bölgə Təcrübə Stansiyasında “Quraq ərazilərdə buğdanın seleksiyası üçün süni intellekt və yüksək fenotipləmə platformaları” mövzusunda tarla seminarı keçirilib.

Tədbirdə həmin institutların, Qobustan Bölgə Təcrübə Stansiyasının əməkdaşları, fermerlər, taxılçılıq şirkətlərinin nümayəndələri və digər maraqlı tərəflər iştirak ediblər.

Seminarda müasir yanaşmalar əsasında quraqlığa davamlılığın və məhsuldarlığın artırılması, buğda seleksiyasında rəqəmsal texnologiyaların tətbiqi, müasir seleksiya üsulları, süni intellektin seleksiya prosesində rolu, quraqlığa davamlı və yüksək məhsuldar buğda sortlarının yaradılması istiqamətində aparılan tədqiqatlar və digər aktual məsələlər müzakirə olunub.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e. akademik İradə Hüseynova, Qlobal Ərzaq Təhlükəsizliyi üzrə Strateji Təşəbbüsün baş katibi Dr. Conrad Rein, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Sevinc Məmmədova, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının müdiri Atabəy Cahangirov, Almaniyanın Osnabrük Tətbiqi Elmlər Universitetinin professoru Ali Naz, fermer Ruslan Əhmədov mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, müasir dövrdə qlobal iqlim dəyişiklikləri kənd təsərrüfatı qarşısında ciddi çağırışlar yaradır. Xüsusilə, buğda istehsalında quraqlığa davamlı və yüksək məhsuldar sortların yaradılması strateji əhəmiyyət daşıyır. Azərbaycanda da quraq dəmyə şəraitinə uyğun yeni buğda sortlarının yaradılması istiqamətində geniş tədqiqatlar aparılır. Qobustan Bölgə Təcrübə Stansiyasında minlərlə buğda və arpa genotipi üzərində seleksiya işləri həyata keçirilir.

Bildirilib ki, quraq ərazilərdə buğdanın seleksiyası üçün süni intellekt və yüksək fenotipləmə platformalarının tətbiqi son illərdə kənd təsərrüfatı elminin əsas inkişaf istiqamətlərindən birinə çevrilib. Bu texnologiyalar böyük həcmli məlumatların emalına və təhlilinə imkan verir, minlərlə bitki nümunəsinin qiymətləndirilməsi əsasında quraqlığa davamlı genotiplərin daha dəqiq müəyyənləşdirilməsini və seleksiya prosesinin sürətləndirilməsini təmin edir.

Vurğulanıb ki, bu ərazilərdə seleksiya işlərinin əsas məqsədi məhdud su təminatı şəraitində yüksək məhsul verə bilən sortların yaradılmasıdır. Süni intellekt və yüksək fenotipləmə platformaları seleksiya prosesinin səmərəliliyini artırır, yeni və iqlim dəyişikliklərinə uyğun buğda sortlarının yaradılmasına geniş imkanlar yaradır.

Qeyd edilib ki, dünyada FAO və digər beynəlxalq təşkilatlar tərəfindən quraqlığa davamlı buğda sortlarının yaradılması istiqamətində süni intellekt və yüksək fenotipləmə texnologiyalarından geniş istifadə olunur. Bu texnologiyalar gələcəkdə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.

Tədbir iştirakçıları bildiriblər ki, bu cür tarla seminarları alimlər, mütəxəssislər və fermerlər arasında bilik və təcrübə mübadiləsi üçün mühüm platformadır. Belə tədbirlərdə yeni buğda sortları nümayiş etdirilir, seleksiya nailiyyətləri təqdim olunur, müasir texnologiyalar tanıdılır, fermerlərin praktiki bilikləri artırılır və elmi nəticələrin istehsalata tətbiqi sürətləndirilir. Həmçinin, bu seminarlar kənd təsərrüfatında innovativ yanaşmaların yayılmasına və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.

Daha sonra seminar iştirakçıları Molekulyar Biologiya İnstitutunun və Qobustan Bölgə Təcrübə Stansiyasının təcrübə sahələrinə baxış keçirib, rəqəmsal fenotipləmə və analiz prosesləri ilə tanış olub, sort və hibridlərin fenotipik qiymətləndirilməsində iştirak ediblər.