MBI-nin əməkdaşı beynəlxalq nəzəri-təcrübi seminarda iştirak edib + Foto
İyn 24, 2026 | 14:00 / Mühüm hadisələr
18–19 iyun tarixlərində AR ETN Molekulyar Biologiya İnstitutunun Molekulyar hüceyrə biokimyası və siqnalların ötürülməsi laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ruhiyyə Quliyeva “VITTA” Elmi-Texniki Şirkətinin bazasında keçirilən “2nd International Molecular Genetic Theory-Practice School” adlı beynəlxalq nəzəri-təcrübi seminarda iştirak edib. Molekulyar biologiya və genetika sahəsində mühüm elmi platformalardan biri hesab olunan seminar Çin Xalq Respublikasından dəvət olunmuş aparıcı mütəxəssislər və yüksəkixtisaslı ekspertlərin iştirakı ilə təşkil olunub. İki gün davam edən proqram çərçivəsində müasir molekulyar-genetik metodlar üzrə nəzəri biliklərin artırılması, innovativ yanaşmaların müzakirəsi və təcrübə mübadiləsi həyata keçirilib. Təlimin ilk günü yerli və xarici alimlərin məruzələri əsasında əyani və distant formatlarda interaktiv mühazirələr təşkil olunub. Seminarın ikinci günü isə laboratoriya şəraitində praktiki məşğələlərə həsr edilib. Praktiki təlimlər zamanı Ruhiyyə Quliyeva PZR analizinin optimallaşdırılması, reaksiyanın əsas mərhələlərinin kinetikasının qiymətləndirilməsi, həmçinin amplifikasiya nəticələrinin və əldə olunan məlumatların bioinformatik təhlili proseslərində iştirak edib. Seminarın sonunda iştirakçıların əldə etdikləri bilik və bacarıqlar qiymətləndirilib, onlara müvafiq sertifikatlar təqdim olunub.