26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür
İyn 26, 2026 | 08:00 / Mühüm hadisələr
Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü qeyd olunur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılmış, həmin il avqustun 1-də isə Hərb Nazirliyi təsis edilmişdir. Milli Ordunun formalaşmasında və döyüş qabiliyyətinin yüksəldilməsində görkəmli hərbi xadimlər Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov və Əlağa Şıxlinskinin mühüm xidmətləri olmuşdur. Müasir Azərbaycan Ordusunun inkişafı və güclənməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmiş və hər il dövlət bayramı kimi qeyd olunur. Son illərdə Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək regionun ən güclü və müasir ordularından birinə çevrilmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ordumuz Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını təmin etmiş, şanlı Zəfər tariximizin müəllifi olmuşdur. Bu gün Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələrindən ibarət peşəkar və qüdrətli hərbi güc kimi ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısıdır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bütün şəxsi heyətini və veteranlarını bu əlamətdar gün münasibətilə təbrik edir, Vətənimizin müdafiəsi naminə fəaliyyətlərində yeni uğurlar arzulayırıq.