Akademik İradə Hüseynova: Azərbaycan Ordusu dövlətimizin gücünün və birliyinin simvoludur
İyn 27, 2026 | 11:00 / Nəşrlər
Azərbaycan Ordusu bu gün müasir silahlanması, yüksək peşəkarlığı, döyüş hazırlığı və zəngin hərbi təcrübəsi ilə Cənubi Qafqazın ən güclü ordusu olmaqla yanaşı, dünya hərbi qüvvələri sırasında da öz layiqli yerini tutub.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, akademik İradə Hüseynova söyləyib.
Akademik bildirib ki, müstəqil Azərbaycan dövlətinin güclü ordu quruculuğu siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun müəyyənləşdirdiyi strateji inkişaf kursu nəticəsində Milli Ordumuz formalaşıb, peşəkar hərbi kadr potensialı yaradılıb və Silahlı Qüvvələrin inkişafı dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.
İradə Hüseynovanın sözlərinə görə, bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu ən müasir texnologiyalar, yüksək dəqiqlikli silah sistemləri və qabaqcıl idarəetmə mexanizmləri ilə təchiz olunub. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması və müasir hərbi hazırlıq standartlarının tətbiqi Silahlı Qüvvələrin döyüş qabiliyyətini daha da yüksəldib.
Akademik qeyd edib ki, bu gün Azərbaycan Ordusunun inkişafı ardıcıl şəkildə davam edir, hərbi potensial keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu və milli təhlükəsizlik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən islahatlar nəticəsində müdafiə imkanları genişlənib, hərbi qulluqçuların peşə hazırlığı və sosial təminatı istiqamətində mühüm addımlar atılıb.
AMEA-nın vitse-prezidenti vurğulayıb ki, Azərbaycan Ordusunun gücü və qüdrəti hər il keçirilən hərbi paradlarda da nümayiş etdirilir. Bu tədbirlər həm Silahlı Qüvvələrin imkanlarının, həm də xalqımızın dövlətçilik ənənələrinə, milli birlik və həmrəyliyə bağlılığının göstəricisidir.
Akademik İradə Hüseynova bildirib ki, Azərbaycan Ordusunun qüdrəti 2020-ci ildə baş vermiş Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. 44 gün ərzində əldə olunan tarixi Zəfər xalqımızın milli birliyinin, dövlətimizin siyasi iradəsinin və Silahlı Qüvvələrimizin yüksək peşəkarlığının parlaq təzahürü oldu.
“Azərbaycan əsgəri döyüş meydanında göstərdiyi qəhrəmanlıq, vətən sevgisi və fədakarlıq nümunələri ilə hərb tariximizdə unudulmaz iz qoydu. İşğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası xalqımızın uzun illər ərzində gözlədiyi tarixi hadisəyə çevrildi. Bu möhtəşəm Qələbə hər bir azərbaycanlının qürur mənbəyidir”, - deyə akademik bildirib.
İradə Hüseynovanın sözlərinə görə, Azərbaycan Ordusu bu gün dövlətimizin gücünün, xalqımızın birliyinin və milli həmrəyliyinin simvoludur. Orduda xidmət edən hər bir hərbçi Vətənə sədaqətin, vətənpərvərliyin və fədakarlığın nümunəsidir.
“Şəhidlərimizin əziz xatirəsi daim xalqımızın yaddaşında yaşayacaq, qazilərimizin qəhrəmanlığı isə gələcək nəsillər üçün örnək olacaq. Azərbaycanın müdafiə qüdrətinin daha da möhkəmlənməsi dövlətimizin inkişafı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə alim vurğulayıb.
Müsahibəsinin sonunda akademik İradə Hüseynova Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini təbrik edib: “Qəhrəman Azərbaycan Ordusu xalqımızın qürur mənbəyi, dövlətimizin etibarlı dayağıdır. Əminik ki, Ordumuz bundan sonra da ölkəmizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün keşiyində qətiyyətlə dayanacaq, Azərbaycan Bayrağı daim zirvələrdə dalğalanacaq”.