sa sa 60
Biologiya üzrə fəlsəfə doktoru, dosent Mahirə Məmmədovanın 65 yaşı tamam olur İyn 30, 2026 | 19:00 / Yubileylər

Bu gün AR ETN Molekulyar Biologiya İnstitutunun Biotexnologiya və biomühəndislik laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Mahirə Məmmədovanın 65 yaşı tamam olur. Mahirə Məmmədova 30 iyun 1961-ci ildə Qubada anadan olub. O, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) məzunudur. Mahirə Məmmədova namizədlik dissertasiyasını bitki fiziologiyası ixtisası üzrə müdafiə edib və uzun illərdir bitki fiziologiyası və biotexnologiya sahələrində səmərəli elmi fəaliyyət göstərir. O, 128 elmi əsərin müəllifidir.  Alimin əsas elmi nailiyyətləri sırasında bərk buğda genotiplərinin hüceyrə və toxuma kulturası əsasında çoxaldılması, morfogenez, regenerasiya və somaklonal dəyişkənlik proseslərinin genetik əsaslarının öyrənilməsi, seleksiya proqramları üçün qiymətli bitki-regenerantlar əldə edilməsi xüsusi yer tutur. Mahirə Məmmədova buğda genotiplərinin yüksək temperatur və duz stresinə qarşı adaptasiya mexanizmlərini in vivo və in vitro şəraitdə hüceyrə və orqanizm səviyyəsində tədqiq etmiş, stresə davamlı hüceyrə xətləri və regenerant bitkilərin alınması üçün biotexnoloji yanaşmalar işləyib hazırlamış və stres şəraitində zülal ekspressiyası, prolin sintezi və digər adaptiv reaksiyaları araşdıraraq, genotiplərin davamlılıq potensialının qiymətləndirilməsi üçün metodik yanaşmalar təklif etmişdir. Mahirə xanım peşəkarlığı ilə yanaşı, yüksək insani keyfiyyətləri, gənc tədqiqatçıların inkişafına göstərdiyi qayğı və hər zaman dəstək olmağa hazır olması ilə həmkarlarının dərin rəğbətini qazanıb.

Molekulyar Biologiya İnstitutunun kollektivi Mahirə xanımı 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni elmi nailiyyətlər arzulayır.