sa sa 182
Molekulyar Biologiya İnstitutunda akademik Cəlal Əliyevin xatirəsi anılıb + Foto İyn 30, 2026 | 20:00 / Tədbirlər

İyunun 30-da AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Mərhum akademikin iş otağında təşkil edilən tədbirdə Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e, akademik İradə Hüseynova, institutun laboratoriyavə sektor müdirləri, alimin tələbələri iştirak ediblər. Tədbirdə çıxış edən İradə Hüseynova hər il dünyaşöhrətli alim Cəlal Əliyevin doğum günü münasibətilə institutda müxtəlif tədbirlərin keçirildiyini bildirib, akademikin iş otağında təşkil edilən tədbirin isə onun xatirəsinə göstərilən böyük ehtiramın təzahürü kimi qiymətləndirib. O, Molekulyar Biologiya İnstitutunun əməkdaşlarının Cəlal Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etdiklərini, institutda alimin xatirəsinə həsr olunan tədbirin və dissertasiya işinin elmi seminarda müzakirəsinin keçirildiyini diqqətə çatdırıb. İradə Hüseynova çıxışında akademik Cəlal Əliyevin həyat yolu və zəngin elmi fəaliyyəti barədə ətraflı məlumat verib, bir şəxsiyyət kimi daim tələbələrinə örnək olan alimin yüksək insani keyfiyyətlərindən söz açıb. Bildirib ki, ömrünün 60 ildən çoxunu elmə həsr edən akademik Cəlal Əliyev hər zaman tələbələrinin, onu tanıyanların qəlbində böyük minnətdarlıqla xatırlanacaqdır.

Sonra İradə Hüseynova institut əməkdaşları ilə birgə Naxçıvan səfəri barədə ətraflı məlumat verib. O, səfər çərçivəsində bir sıra mühüm tədbirlərdə iştirak etdiklərini, AMEA- nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və “Əshabi-Kəhf” Dini Mədəni Abidə Kompleksində olduqlarını, Ordubadda “Qərbi Azərbaycana Qayıdış” III festivalında iştirak etdiklərini bildirib. AR ETN Molekulyar Biologiya İnstitutu ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq haqqında memorandumun imzalandığını diqqətə çatdıran akademik bu əmkdaşlığın hər iki tərəf üçün elm və təhsil sahəsində əhəmiyyətli olacağını vurğulayıb. O, Naxşıvan Dövlət Universiteti tərəfindən hədiyyə edilən “Mömünə xatun türbəsi” və üzərində Molekulyar Biologiya İnstitutunun və Naxşıvan Dövlət Universitetinin ad və loqosunun həkk olunduğu duzdan hazırlanmış maraqlı əsərləri tədbir iştirakçılarına təqdim edib. İradə Hüseynova Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Ordubadda keçirilən “Qərbi Azərbaycana Qayıdış” III festival-konqresdən da söz açıb, bu mötəbər tədbirlərdə Molekulyar Biologiya İnstitutunun əməkdaşlarının da iştirak etdiklərini bildirib.

Sonra akademik İradə Hüseynova institutun Biotexnologiya və biomühəndislik laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Mahirə Məmmədovanı 65 illik yubileyi münasibətilə təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzulayıb və institutun Fəxri fərmanını təqdim edib. Hazırda Oksford Universitetinin Pediatriya şöbəsinin Oksford Vaksin qrupunun postdoktorantı vəzifəsində çalışan, Molekulyar Biologiya institutunun əməkdaşı Gülnar Abdullayevanı da doğum günü münasibətilə təbrik edən İradə Hüseynova ona gələcək elmi fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıb.