"Transactions of the Institute of Molecular Biology & Biotechnologies" jurnalının növbəti nömrəsi nəşr olunub
İyl 17, 2026 | 19:04 / Mühüm hadisələr
AR ETN Molekulyar Biologiya İnstitutu tərəfindən nəşr edilən beynəlxalq resenziyalı elmi "Transactions of the Institute of Molecular Biology & Biotechnologies" (TIMBB) jurnalının 10-cu cildinin 1-ci nömrəsi (Vol. 10, No. 1, 2026) yüksək nəşriyyat standartlarına uyğun şəkildə həm çap, həm də elektron formatda işıq üzü görüb. Yeni nömrə jurnalın rəsmi internet səhifəsi (www.timbb.az) və institutun saytında jurnal üçün ayrılmış səhifə vasitəsilə açıq giriş prinsipi əsasında dünya elmi ictimaiyyəti üçün sərbəst şəkildə əlçatandır.
Jurnalın 2026-cı il üzrə ilk nömrəsində molekulyar biologiya, genetika, biotexnologiya, mikrobiologiya, bioinformatika, biokimya və digər əlaqəli istiqamətlər üzrə aparılmış müasir elmi tədqiqatların nəticələrini əks etdirən 10 orijinal elmi məqalə dərc olunub. Məqalələr aktual elmi problemlərə həsr olunmaqla yanaşı, fundamental və tətbiqi tədqiqatların nəticələrini özündə əks etdirir. Nəşrdə Azərbaycan alimləri ilə yanaşı, müxtəlif xarici ölkələrin elmi-tədqiqat müəssisələri və universitetlərini təmsil edən müəllif və həmmüəlliflərin məqalələri də yer alıb. Bu isə jurnalın beynəlxalq əməkdaşlıq platforması kimi rolunun davamlı şəkildə gücləndiyini və xarici müəlliflər üçün cəlbedici elmi nəşrə çevrildiyini göstərir.
Bütün məqalələr beynəlxalq nəşr standartlarına uyğun olaraq müstəqil rəyçilərin iştirakı ilə ikitərəfli anonim rəy prosesindən keçirilib, elmi və etik meyarlara uyğunluğu diqqətlə qiymətləndirilib. Jurnal redaksiyası nəşr olunan materialların yüksək elmi səviyyəsinin təmin edilməsini öz fəaliyyətinin əsas prioritetlərindən biri hesab edir.
Jurnalın redaksiya heyəti (baş redaktor: akademik İradə Hüseynova) növbəti nömrələrdə də elmi məqalələrin keyfiyyətinin daha da yüksəldilməsi, beynəlxalq müəllif və rəyçilərin sayının artırılması, jurnalın sitatgətirmə göstəricilərinin yaxşılaşdırılması və dünya elmi məkanında mövqeyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.