sa sa 109
Molekulyar Biologiya İnstitutunun əməkdaşı Çexiya Respublikasında elmi ezamiyyətdə olub + Foto İyl 18, 2026 | 11:41 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya İnstitutunun böyük elmi işçisi, b.ü.f.d. Turanə İsgəndərova 30 iyun–1 iyul 2026-cı il tarixlərində Çexiya Respublikasının Brno şəhərində yerləşən Masarik Universitetinin Mərkəzi Avropa Texnologiya İnstitutunda təşkil olunmuş beynəlxalq təlim məktəbində iştirak edib. Təlim COST Assosiasiyasının CA22157 – RECROP Action (Bitkilərin reproduksiyası zamanı stresə cavab və stres yaddaşında epigenetik və posttranskripsion gen tənzimlənməsi) layihəsi çərçivəsində baş tutub.

Turanə İsgəndərova “Buğdada quraqlıqla induksiya olunan qocalma zamanı antioksidant şəbəkələrin və stress yaddaşının epigenetik və post-transkripsion tənzimlənməsi” mövzusunda poster təqdim edib. Quraqlıq stresi şəraitində buğdada antioksidant müdafiə sisteminin fəaliyyəti, superoksid dismutaza izoformlarının ekspressiyası, stressə cavab verən genlərin fəaliyyəti, epigenetik mexanizmlər və post-transkripsion tənzimlənmənin stress yaddaşının formalaşmasındakı rolu üzrə aparılmış tədqiqatların nəticələri beynəlxalq elmi ictimaiyyətə təqdim olunub.

Təlim proqramı çərçivəsində DNT metilasiyası və transkriptom tənzimlənməsi, alternativ splaysinq və post-transkripsion gen tənzimlənməsi, abiotik stressə cavabın epigenetik mexanizmləri, translyasiyanın tənzimlənməsi, həmçinin RNA-seq məlumatlarının bioinformatik analizi, uzun kodlaşdırmayan RNT-lərin) identifikasiyası və stress cavabının molekulyar əsasları üzrə nəzəri və praktiki məşğələlər keçirilib. Bundan əlavə, iştirakçılar poster sessiyalarında və elmi müzakirələrdə iştirak edib, bitkilərdə stress biologiyası və epigenetika sahəsində aparılan müasir tədqiqatlarla yaxından tanış olublar.

Təlim müddətində müxtəlif ölkələrdən olan tədqiqatçılarla fikir mübadiləsi aparılıb və gələcək birgə tədqiqat layihələrinin hazırlanması istiqamətində müzakirələr keçirilib.