sa sa 351
Mikroorqanizmlərin tədqiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün yeni imkanlar yaradır + Foto Avg 03, 2026 | 13:54 / Mühüm hadisələr

Mikroorqanizmlərin öyrənilməsi istiqamətində aparılan elmi tədqiqatlar kənd təsərrüfatında məhsuldarlığın artırılması və ekoloji cəhətdən təhlükəsiz bioloji məhsulların hazırlanması üçün yeni imkanlar açır.

Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri biologiya elmləri doktoru Könül Baxşəliyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, laboratoriyada torpaq və digər təbii mənbələrdən ayrılan bakteriya və göbələklər xüsusi qidalı mühitlərdə becərilir, onların təmiz kulturaları əldə olunur, bioloji və metabolik xüsusiyyətləri araşdırılır. Onun sözlərinə görə, aparılan tədqiqatlar mikroorqanizmlərin kənd təsərrüfatında, eləcə də digər sahələrdə tətbiq imkanlarının müəyyənləşdirilməsinə, faydalı bioloji məhsulların hazırlanmasına və yeni texnologiyaların inkişafına xidmət edir.

Tədqiqatçının sözlərinə görə, tədqiqat prosesi mikroorqanizmlərin növünə uyğun qidalı mühitlərin hazırlanması, sterilizasiya, Petri qablarında becərilmə, inkubasiya və təmiz kulturaların alınması mərhələlərini əhatə edir. Yalnız təmiz kultura əldə edildikdən sonra mikroorqanizmlərin xüsusiyyətləri ətraflı öyrənilir və perspektivli ştamlar seçilir. Tədqiqatçı qeyd edib ki, aparılan araşdırmalar nəticəsində torpaq nümunələrindən ayrılmış perspektivli göbələk ştamları müəyyən olunub. Laboratoriya və sahə sınaqları bu ştamların bitkilərin inkişafına və məhsuldarlığın artırılmasına müsbət təsir göstərdiyini təsdiqləyib. Əldə olunan elmi nəticələr əsasında kənd təsərrüfatında istifadə üçün biogübrələr hazırlanıb və bu istiqamətdə patent alınıb. Hazırda isə müxtəlif mikroorqanizmlər əsasında yeni bioloji məhsulların yaradılması, onların patentləşdirilməsi və tətbiq imkanlarının genişləndirilməsi üzrə tədqiqatlar davam etdirilir.

Tədqiqatçı vurğulayıb ki, faydalı mikroorqanizmlərin tətbiqi kimyəvi gübrələrdən asılılığın azaldılmasına, ekoloji cəhətdən təhlükəsiz kənd təsərrüfatının inkişafına və məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verir.

Müxbir - Tünzalə Zeyvəliyeva