sa sa 32
Bioloq-alim: Yeni virusların aşkarlanması bitki xəstəliklərinin öyrənilməsində mühüm nəticədir + Foto Avg 04, 2026 | 23:30 / Mühüm hadisələr

Bitki xəstəlikləri ilə mübarizədə davamlılıq genlərindən istifadə həm ekoloji, həm də iqtisadi baxımdan səmərəli yanaşmadır. İnstitutda xəstəliklərə davamlı genotiplərin yaradılması, virus, fitoplazma və pas xəstəliklərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılır. O, quraqlığa davamlı bitki sortlarının yaradılmasında da prioritetlərdən biridir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutu Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova bildirib. Alim qeyd edib ki, kənd təsərrüfatı bitkilərinin xəstəliklərə davamlılığının artırılması və quraqlıq şəraitinə uyğunlaşan yeni sortların yaradılması istiqamətində aparılan tədqiqatlar ərzaq təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Xəstəliklərlə mübarizədə kimyəvi preparatlardan geniş istifadə müəyyən nəticələr versə də, bu üsul insan sağlamlığı və ətraf mühit üçün mənfi təsirlərə səbəb ola bilər. Davamlılıq genlərindən və davamlı genotiplərdən istifadə həm ekoloji baxımdan təhlükəsiz, həm də iqtisadi cəhətdən səmərəli yanaşmadır.

“Biz tədqiqat işlərimizdə məhz davamlılıq genlərini identifikasiya edir və çalışırıq ki, yeni yaradılan genotiplərdə həmin genlərdən istifadə edək”, – deyə S.Rüstəmova vurğulayıb. O bildirib ki, Molekulyar Biologiya İnstitutunun laboratoriyalarında xəstəliklərlə bağlı çoxsaylı araşdırmalar aparılıb. Virus, fitoplazma və pas xəstəlikləri üzrə tədqiqatların həyata keçirildiyini qeyd edən alim əlavə edib ki, dünyada, o cümlədən Avropada ilk dəfə olaraq laboratoriyada yeni viruslar aşkar edilib.

Samirə Rüstəmova quraqlıq probleminin də Azərbaycan üçün ciddi çağırış olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Dünya Resursları İnstitutunun məlumatlarına əsasən, 2040-cı ildə kəskin quraqlıq riski ilə üzləşə biləcək 33 ölkə arasında Azərbaycan 18-ci yerdədir. “Bu, bizim üçün ciddi xəbərdarlıqdır. Ona görə də indidən bu sahədə tədqiqatlarımızı gücləndirməliyik ki, gələcəkdə quraqlıq şəraitində normal inkişaf edən və stabil məhsul verən bitki sortları yarada bilək”, – deyə alim qeyd edib.

Müxbir - Tünzalə Zeyvəliyeva
Fotoqraf - Orxan Kərimov
Videooperatorlar - Mir Rəsul Cəfərov, Ələkbər Baxşıyev