MBI əməkdaşlarının məqaləsi Q1 kvartilli jurnalda dərc olunub
Avg 14, 2026 | 20:00 / Nəşrlər
AR ETN Molekulyar Biologiya İnstitutunun əməkdaşları biologiya üzrə fəlsəfə doktorları Ulduzə Qurbanova, Durna Əiyeva və Turanə İsgəndarova, biologiya elmləri doktoru Atabəy Cahangirov, elmi işçi Səidə Zülfüqarova və akademik İradə Hüseynovanın həmmüəllifi olduqları “Suvarılmayan şəraitdə quraqlığa davamlı çörək buğdası genotiplərinin aşkar edilməsi məqsədilə morfofizioloji və biokimyəvi əlamətlərin inteqrə olunmuş qiymətləndirilməsi” adlı məqalə nüfuzlu “Agronomy” jurnalında dərc olunub. Bitki elmləri sahəsində tanınmış beynəlxalq elmi nəşrlərdən biri olan “Agronomy” jurnalı Journal Citation Reports (JCR) təsnifatında Q1 kvartilinə daxildir. Jurnalın impact faktoru 4,1-dir. Məqalədə dəmyə şəraitində yetişdirilən 6 payızlıq yumşaq buğda sortu və 15 perspektiv seleksiya xəttinin quraqlığa davamlılığı kompleks şəkildə qiymətləndirilmişdir. Aparılan tədqiqat quraqlıq stresinə qarşı davamlılığın formalaşmasında iştirak edən biokimyəvi və fizioloji mexanizmlərin daha dərindən anlaşılmasına, eləcə də gələcəkdə iqlim dəyişikliklərinə daha davamlı buğda sortlarının yaradılması üçün elmi əsasların formalaşdırılmasına töhfə verir.