Molekulyar Biologiya İnstitutunun əməkdaşları “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin (BCAW 2026) açılış mərasimində iştirak ediblər
Sen 07, 2026 | 14:00 / Konfranslar, iclaslar
Sentyabrın 7-də Azərbaycanın paytaxtında qlobal iqlim çağırışlarına cavab verən həllərin təşviqi və bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunan “Bakı İqlim Fəaliyyəti Həftəsi” (BCAW 2028) öz işinə başlayıb. SOCAR Green-in əsas tərəfdaşlığı ilə keçirilən “Bakı İqlim Fəaliyyəti Həftəsi” bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur.
Tədbirin açılış mərasimində Azərbaycan və Türkiyənin iqlim gündəliyi üzrə rəsmiləri, COP30 və COP31 rəhbərliyi, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də iqlim üzrə yüksəksəviyyəli çempionlar iştirak edirlər.
AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynovanın rəhbərliyi ilə institutun əməkdaşları da bu mötəbər tədbirdə iştirak ediblər. İnstitut əməkdaşları sentyabrın 7-dən 11-dək keçiriləcək tədbirlər çərçivəsində müxtəlif sessiyalarda iştirak edəcəklər.
Qeyd edək ki, artıq üçüncü dəfə keçirilən “Bakı İqlim Fəaliyyəti Həftəsi” hökumət və özəl sektor nümayəndələrini, investorları, beynəlxalq təşkilatları, akademik dairələri, vətəndaş cəmiyyətini, gəncləri, şəhərləri və digər tərəfləri bir araya gətirərək konkret iqlim həllərinin təşviqi, yeni tərəfdaşlıqların qurulması və investisiya imkanlarının genişləndirilməsinə xidmət edir.
“Bakı İqlim Fəaliyyəti Həftəsi” ildən-ilə daha böyük miqyasda və daha zəngin proqramla keçirilir. BCAW 2026 isə daha geniş sektor və iştirakçı qruplarını bir araya gətirərək iqlim gündəliyinin prioritetlərini konkret fəaliyyət, tərəfdaşlıq və investisiya imkanları ilə əlaqələndirməyə fokuslanır. Builki həftə çərçivəsində 15 əsas dəyirmi masanın və çoxsaylı tərəfdaş tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Dəyirmi masaların bir qismi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 4-cü İqlim Həftəsi – İcra Forumu ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.
“Bakı İqlim Fəaliyyəti Həftəsi” iqlim dəyişmələri ilə mübarizə, enerji keçidi, bərpaolunan enerji, davamlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi məsələləri ətrafında müzakirələr üçün beynəlxalq platforma kimi nəzərdə tutulub.