“Professor Əziz Səncər: həyat yolu, elmi irsi və dünya elminə töhfələri”
Sen 10, 2026 | 12:00 / Mühüm hadisələr
AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e., akademik İradə Hüseynova Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclas zalında AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı, professor Əziz Səncərin 80 illik yubileyinə həsr edilmiş elmi konfransda “Professor Əziz Səncər: həyat yolu, elmi irsi və dünya elminə töhfələri” mövzusunda məruzəsində ilə çıxış edib.
Çıxışına dövlət başçısının Sərəncamı ilə Əziz Səncərin Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmasını böyük qürurla xatırlatmaqla başlayan akademik İradə Hüseynova bu qərarın Türk dünyasının elminə və birliyinə verilən yüksək dəyərin təzahürü olduğunu vurğulayıb.
Akademik İradə Hüseynova Əziz Səncərin 1946-cı il sentyabrın 8-də Türkiyənin Mardin vilayətinin Savur rayonunda çoxuşaqlı, zəhmətkeş bir ailədə dünyaya göz açdığını diqqətə çatdırıb. Valideynlərinin təhsili olmasa da, övladlarının təhsilinə böyük önəm verdiklərini bildirən akademik xüsusilə anası Məryəm xanımın təhsilə inamının gənc Əzizin xarakterinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
1963-cü ildə İstanbul Universitetinin Tibb fakültəsinə daxil olan və 1969-cu ildə oranı birinciliklə bitirən Əziz Səncərin elmi maraqlarının hələ tələbəlik illərində DNT-nin ikiqat spiral quruluşunu öyrənərkən yarandığını vurğulayan akademik İradə Hüseynova bildirib ki, Səncər təhsilini bitirdikdən sonra doğma Savurda 18 ay pulsuz müalicə kabineti açaraq kənd həkimi kimi fəaliyyət göstərib. Lakin xəstəliklərin molekulyar səbəblərini və “niyə?” sualına cavab tapmaq arzusu onu yenidən fundamental elmə gətirib çıxarıb.
“2015-ci ildə DNT-nin bərpası mexanizmlərinin - nukleotid eksiziyası reparasiyasının molekulyar səviyyədə kəşfinə görə Kimya üzrə Nobel mükafatına layiq görülməsi onun onilliklər boyu çəkdiyi zəhmətin zirvəsidir. Səncər yalnız mexanizmi izah etməmiş, həm də DNT reparasiyasının insan genomu boyunca xəritələndirilməsini (“Piri Rəis xəritəsi”) həyata keçirmiş və sirkad ritmlərin xərçəngin xronoterapiya ilə müalicəsindəki mühüm rolunu sübut etmişdir”, - deyə İradə Hüseynova qeyd edib.
Akademik İradə Hüseynova Əziz Səncərin hər zaman köklərinə bağlı olduğunu, Nobel medalını və diplomunu Anıtqəbirdə Mustafa Kamal Atatürkün xatirəsinə təqdim etdiyini vurğulayıb. Həmçinin həyat yoldaşı Gwen Səncər ilə birlikdə xaricdə oxuyan gənclərə dəstək olmaq məqsədilə Chapel Hill-də Karolina Türk Evini və Səncər Mədəniyyət Mərkəzini qurduğunu xatırladıb.
Əziz Səncərin Azərbaycana səfərlərini, Prezident İlham Əliyevlə görüşlərini, TEKNOFEST Azərbaycan festivalındakı iştirakını və Elmlər Akademiyasında, eləcə də Molekulyar Biologiya İnstitutunda alim və tələbələrlə keçirdiyi unudulmaz görüşləri xüsusi vurğulayan İradə Hüseynova onun gənclərə ünvanladığı tövsiyəni xatırladıb.
Çıxışının sonunda akademik İradə Hüseynova Əziz Səncərin ömür yolunun “Zəhmət, elm və vəfa” fəlsəfəsinin ən parlaq təcəssümü olduğunu və onun elmi irsinin gələcək nəsillərə yol göstərməyə davam edəcəyini qeyd edib.