Molekulyar Biologiya İnstitutunun Almaniyanın Osnabrük Tətbiqi Elmlər Universiteti ilə əməkdaşlığı GFIFS Xəbər bülletenində işıqlandırılıb
Sen 10, 2026 | 17:40 / Mühüm hadisələr
Almaniyanın Osnabrük Tətbiqi Elmlər Universitetinin professoru Ali Ahmad Naz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutu ilə əməkdaşlığa dair Ərzaq Təhlükəsizliyi üzrə Qlobal Fləqşip Təşəbbüsünün (GFIFS) Xəbər bülletenində məqalə dərc edib.
Məqalədə Almaniya–Azərbaycan tərəfdaşlığı çərçivəsində iqlim dəyişikliklərinə davamlı buğda sortlarının yaradılması istiqamətində aparılan birgə tədqiqatlardan bəhs olunur. Tədqiqatların əsas məqsədi müxtəlif coğrafi regionlardan əldə edilən genetik müxtəlifliyin öyrənilməsi, müasir genetika və genomika yanaşmaları ilə qiymətləndirilməsi və buğdanın quraqlıq, yüksək temperatur və digər stres amillərinə davamlılığının artırılması üçün seleksiya prosesində istifadəsidir.
Məqalədə qeyd olunur ki, Azərbaycan zəngin aqrobiomüxtəlifliyi və müxtəlif ekoloji şəraiti ilə bu istiqamətdə mühüm genetik resurslara malikdir. Almaniya və Azərbaycanın elmi və genetik resurslarının birləşdirilməsi daha yüksək, sabit və dayanıqlı məhsuldarlığa malik yeni nəsil buğda sortlarının yaradılmasına, həmçinin qlobal ərzaq təhlükəsizliyinə töhfə verə bilər.
Tədqiqat çərçivəsində əldə olunan nəticələrin və genetik resursların beynəlxalq elmi ictimaiyyətlə paylaşılması və Crop Trust tərəfindən dəstəklənən qlobal təşəbbüslərə töhfə verilməsi də nəzərdə tutulur.