Çin Elmlər Akademiyasının Sincan Fizika və Kimya Texniki İnstitutunun dosenti Molekulyar Biologiya İnstitutunda olub + Foto
Sen 16, 2026 | 15:19 / Mühüm hadisələr
Çin Elmlər Akademiyasının Sincan Fizika və Kimya Texniki İnstitutunun dosenti, Dr. Lu Chunfang Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda olub. Dr. Lu Chunfang institutun maddi-texniki bazası, laboratoriyaları və burada aparılan elmi-tədqiqat işləri ilə tanış olub. Dr. Lu Chunfang, həmçinin institutda keçirilən elmi seminarda iştirak edib. O, seminarda “Modernləşmə və beynəlmiləlləşmə: Ənənəvi Çin təbabətinin inkişaf yolu” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb. Qeyd edək ki, Lu Chunfang dərman bitkiləri ehtiyatlarının öyrənilməsi və onların davamlı istifadəsi istiqamətində tədqiqatlar aparır. Onun elmi fəaliyyəti bitkilərin identifikasiyası, Sincanın səciyyəvi bitki ehtiyatlarının qiymətləndirilməsi və yerli təbii məhsulların kompleks şəkildə tədqiqi və istifadəsini əhatə edir. Dr. Lu Sincanın özünəməxsus florasına xas bitkilərdən bioloji aktiv maddələrin aşkar edilməsi, eləcə də yerli istehsal olunan ənənəvi Çin təbabəti xammalı əsasında yeni etnik dərman preparatlarının hazırlanmasına yönəlmiş elmi layihələrdə iştirak edib. Onun tədqiqat maraqlarına, həmçinin quraq zonaların dərman bitkiləri ehtiyatları üzrə ixtisaslaşmış məlumat bazalarının yaradılması və inkişaf etdirilməsi daxildir. Səfər çərçivəsində Dr. Lu Chunfang AR ETN Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e., akademik İradə Hüseynova ilə görüşüb. Görüş zamanı bitki resurslarının tədqiqi, onların bioloji aktivliyinin qiymətləndirilməsi, təbii məhsulların potensial tətbiq imkanlarının araşdırılması və birgə elmi əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.