MBI əməkdaşlarının məqaləsi “Applied Biosynthesis” jurnalında dərc olunub
Sen 21, 2026 | 12:00 / Mühüm hadisələr
AR ETN Molekulyar Biologiya İnstitutunun əməkdaşlarının təqdim etdiyi məqalə impakt faktoru 4.3 olan, Q1 kvartilli “Applied Biosynthesis” elmi jurnalında dərc olunub. “Dəmyə şəraitində becərilən yumşaq buğdada yarpaqların su statusu, biokütlə və bitkinin arxitektura xüsusiyyətləri ilə əlaqəli yeni lokusların genom miqyaslı assosiasiya analizi vasitəsilə aşkar edilməsi” adlı tədqiqatda Azərbaycanın dəmyə şəraitində becərilən 187 yumşaq buğda genotipi araşdırılıb. Genom miqyaslı assosiasiya analizi nəticəsində quraqlıqla əlaqəli fizioloji və morfoloji əlamətlərin genetik əsasları öyrənilib, yarpaqların nisbi su tutumu, bitki boyu və biokütlə göstəriciləri ilə əlaqəli potensial genetik lokuslar müəyyən edilib. Tədqiqatın nəticələri quraqlığa davamlı buğda sortlarının yaradılması istiqamətində seleksiya işləri üçün elmi əhəmiyyət daşıyır.