Turanə İsgəndərova COST-un SUSTAIN CA22144 layihəsi çərçivəsində beynəlxalq elmi seminarda iştirak edib + Foto
Okt 07, 2026 | 21:00 / Ezamiyyətlər
AR ETN Molekulyar Biologiya İnstitutu Bioadaptasiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Turanə İsgəndərova COST-un SUSTAIN CA22144 beynəlxalq layihəsi çərçivəsində Misir Ərəb Respublikasının Qahirə şəhərində keçirilmiş beynəlxalq elmi seminarda iştirak edib.
29–30 sentyabr 2026-cı il tarixlərində Misirin Milli Tədqiqat Mərkəzi və ADGA Agriculture təşkilatının əməkdaşlığı ilə keçirilən seminar “Quraq regionlarda şoranlaşmadan təsirlənmiş aqroekosistemlər üçün torpaq və suyun bərpasına yönəlmiş həllər” mövzusuna həsr olunub.
Tədbirdə T. İsgəndərova “Buğdanın quraqlığa və şoranlığa molekulyar cavab reaksiyaları: stresə uyğunlaşma və geri dönməz zədələnmə” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə buğda bitkisinin quraqlıq və şoranlıq kimi abiotik stres amillərinə molekulyar səviyyədə cavab reaksiyaları, stresə uyğunlaşma mexanizmləri və stresin yaratdığı geri dönməz zədələnmələrə dair elmi yanaşmalar təqdim olunub.
Seminar çərçivəsində 30 sentyabr tarixində sahə səfəri də təşkil olunub və iştirakçılar Qahirə–İsgəndəriyyə səhra yolu boyunca yerləşən El Madaway, Eva, Dina, GM və El Hegaz, həmçinin El Shafi təsərrüfatlarına baş çəkiblər. Sahə səfəri zamanı torpaq şoranlığının idarə olunması, səmərəli suvarma, torpaq rütubətinin qorunması, torpaqların meliorasiyası və quraq şəraitdə dayanıqlı kənd təsərrüfatı istehsalı sahəsində tətbiq olunan təcrübələrlə tanışlıq olub.