Molekulyar Biologiya İnstitutunun əməkdaşı Pakistanda elmi ezamiyyətdə olub + Foto
Noy 03, 2026 | 12:15 / Ezamiyyətlər
AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun “Xloroplastların molekulyar funksional təşkili və məhsuldarlıq prosesləri" laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Ülkər İbrahimova 27.08.2026-27.10.2026 tarixlərində Pakistan İslam Respublikasında elmi ezamiyyətdə olub.
Təqaüd proqramı bitki heceyrəsində molekulyar biologiya, biotexnologiya istiqamətində laboratoriya işlərinin təşkili sahələrində fundamental və müasir metodların öyrənilməsinə yönəlib. Ü. İbrahimova COMSTECH (Ministerial Standing Committee on Scientific and Technological Cooperation of the Organisation of Islamic Cooperation (OIC)) tərəfindən maliyyələşdirilən təqaüd proqramını qazanaraq Pakistanın Lahor şəhərində yerləşən Pəncab Universitetinin Molekulyar Biologiya Mərkəzində (CEMB) Toxum biotexnologiyası laboratoriyasının rəhbəri, professor Allah Baxışın rəhbərliyi altında təlimdə iştirak edib.
Təlim proqramı bioinformatika, molekulyar biologiya və genom redaktəsi istiqamətlərini əhatə edib. Proqram çərçivəsində Ü. İbrahimova hədəf ardıcıllıqlarının və PAM sahələrinin müəyyənləşdirilməsi, CRISPR/Cas texnologiyası üçün gRNA dizaynı və qiymətləndirilməsi üzrə in silico analiz metodlarını mənimsəyib. Bununla yanaşı, TA, LR və Golden Gate klonlaşdırma üsulları, plazmid ekstraksiyası və rekombinant DNT konstruksiyalarının sahib hüceyrələrə daxil edilməsi üçün transformasiya prosedurları üzrə nəzəri və praktiki biliklər əldə edib.
Ülkər İbrahimova həmçinin 22–25 sentyabr 2026-cı il tarixlərində Pakistanın Pəncab Universitetinin Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzində (CEMB) COMCEC və COMSTECH-in maliyyə dəstəyi ilə təşkil olunmuş “İqlim çağırışlarının həllində genom redaktəsi və bitki biotexnologiyası” adlı 4 günlük beynəlxalq təlimdə (workshop) iştirak edib. Təlimdə Azərbaycan, Özbəkistan, Tacikistan, Banqladeş o cümlədən Pakistandan olan tədqiqatçılar və mütəxəssislər iştirak edib. Təlimin əsas məqsədi CRISPR/Cas texnologiyasının prinsiplərinin öyrənilməsi, genom redaktəsində tətbiqi, hədəf genlərin seçilməsi və gRNA dizaynı üzrə biliklərin artırılması, həmçinin bu texnologiyanın bitki biotexnologiyasında tətbiq imkanlarının araşdırılması olub.
Ü.İbrahimova Təqaüd Proqramını uğurla başa vurduğuna görə İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsinin (COMSTECH) baş koordinatoru, professor Dr. İqbal Choudhary tərəfindən sertifikatla təltif olunub.
Ezamiyyət müddətində o, AR ETN Molekulyar Biologiya İnstitutu və Pəncab Universitetinin Molekulyar Biologiya Mərkəzi (CEMB) ilə gələcək əməkdaşlıq əlaqələri və yeni qrant layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirələrdə fəal iştirak edib.