sa sa 3024
“Elmə marağım mənə bu uğuru qazandırdı” adlı məqalə Azərbaycan qəzetində çap olunub İyl 04, 2019 | 08:34 / Mühüm hadisələr

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının kiçik emi işçisi Abdullayeva Gülnarın “Elmə marağım mənə bu uğuru qazandırdı” adlı məqaləsi Azərbaycan qəzetində çap olunmuşdur. Gülnar Abdullayeva İslam İnkişaf Bankının 2018-2019-cu tədris ili üçün PhD üzrə təqaüd proqramının qalibi olmuş və Böyük Britaniyanın Oksford Universitetində 4 illik doktorantura təhsili üçün dəvət almışdır. Bu müddət ərzində Gülnar Abdullayevanın həmin unversitetin Onkologiya Departamentində PhD proqramı üzrə təhsil almaqla yanaşı, bağırsaq xərçəngi zamanı differensiasiyanın molekulyar mexanizmlərinin tədqiqi sahəsində araşdırmalar aparması nəzərdə tutulur. 2016-cı ildə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun "Molekulyar biologiya" ixtisası üzrə magistraturasına qəbul olunan Gülnar təhsil müddətində tədris olunan bütün ixtisas və qeyri-ixtisas fənlərindən 100 bal toplayaraq, 2018-ci ildə fərqlənmə diplomu ilə magistraturanı bitirmişdir. O, dəfələrlə müxtəlif yerli və beynəlxalq konfranslarda iştirak etmiş və uğurlu çıxışları ilə fərqlənmişdir. Elmi fəaliyyətdə fərqləndiyinə görə 15 noyabr 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif olunmuşdur. Gülnar Abdullayevanın qalibi olduğu proqram Dünya Universitetlərinin Akademik reytinqində top onluğa düşən istənilən təhsil mərkəzində doktoranturada təhsil alma imkanı verir. Qlazgo Universitetindən (Şotlandiya), Londonun Kraliça Meri Universitetindən (Birləşmiş Krallıq),  Kyoto Universitetindən (Yaponiya) və Oksford Universitetindən (Birləşmiş Krallıq) qəbul məktubları alan Gülnar Abdullayeva təhsilini Böyük Britaniyanın Oksford Universitetində davam etdirməyi qərara almışdır.

http://www.azerbaijan-news.az/view-170361/elme-maragim-mene-bu-uguru-qazandirdi