sa sa 2038
İran İslam Respublikası, Maragheh Universitetinin əməkdaşı Habibeh Jabbari Ghazani Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun qonağı olmuşdur. + Foto Sen 13, 2019 | 13:49 / Seminarlar

Sentyabrın 13-də İran İslam Respublikası, Maragheh Universitetinin əməkdaşı Habibeh Jabbari Ghazani Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun qonağı olmuşdur. Qonaq Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriyalarında olmuş və aparılan elmi tədqiqat işləri ilə tanış olmuşdur. Habibeh Jabbari Ghazani 1999-cu ildə Təbriz Universitetində bakalavr dərəcəsi aldıqdan sonra, magistraturada təhsilini davam etdirmiş və 2006-cı ildə həmin universitetdə magistr dissertasiyasını və 2015-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Alim tədqiqatlarını əsasən bitki nematologiyası sahəsində aparmışdır. Habibeh Jabbari Ghazani institutda keçirilən elmi seminarda “ Nematodlar Faydalı və Zərəli orqanizmlərdir! Biz onlar haqqında nə bilirik?” mövzusunda çıxış etmişdir. O İran İslam Respublikasında nematologiyanın inkişaf etməkdə olan elm sahəsi olduğunu vurğulamış və 2016-cı ildə İran Nematologiya Cəmiyyətinin yaradılması ilə bu sahədə tədqiqatların daha məqsədəuyğun şəkildə aparıldığını qeyd etmişdir. Alimin çıxışı institutun əməkdaşları tərəfindən böyük maraqla qarşılanmış və o verilən sualları ətraflı cavablandırmışdır.

Daha sonra beynəlxalq Hesablama struktur biologiyası laboratoriyasının elmi işçisi R. Məsməliyeva avqustun 18-dən 23-nə kimi Avstriyanın Vyana şəhərində baş tutan elmi ezamiyyət haqqında məlumat vermişdir. Ezamiyyətin məqsədi Vyana Universitetində keçirilən 32-ci Avropa kristollaqrafiya konfransında iştirak etmək olmuşdur. R.Məsməliyeva konfransda “Statistik analiz və atom yerdəyişmə parametrlərindən istifadə etməklə makromolekulyar strukturların validasiyası” mövzusunda poster təqdimatı etmişdir.

Seminarda həmçinin institutun beynəlxalq Bionanotexnologiya laboratoriyasının əməkdaşı 2-ci kurs magistrant Leyla Xəlilovanın Rusiya Federasiyasının Sankt Peterburq şəhərində keçirilən “Davamlı İnkişaf üçün fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda 10-cu beynəlxalq konfransda iştirakı və magistr dissertasiya işi ilə əlaqədar olaraq tədqiqat işləri aparmaq üçün Rusiya Elmlər Akademiyasının Biologiyanın Fundamental Problemləri institutuna ezamiyyəti haqqında məlumat vermişdir. Ezamiyyət AMEA Rəyasət Heyətinin 15.03.2017-ci il tarixli 5/9 №-li qərarı ilə təsdiq edilmiş Fotosintez prosesinin biometrik modelləri əsasında süni günəş enerjisi çevrilməsinin işlənib hazırlanması adlı elmi-tədqiqat proqramı çərçivəsində həyata keçmişdir.