sa sa 2025
AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizov Ukraynada beynəlxalq konfransda iştirak etmişdir + Foto Sen 24, 2019 | 10:00 / Konfranslar, iclaslar

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizov Ukraynanın Kiyev şəhərində elmi ezamiyyətdə olmuşdur. Səfərin məqsədi “Orqanizmlərin Eksperimental təkamül faktorları” mövzusunda keçirilən XIV Beynəlxalq Elmi konfransda iştirak etmək olmuşdur. Qeyd edək ki, İ. Əzizov plenar məruzə ilə çıxış etmək üçün Konfransın təşkilat komitəsi və Bitki bioloqlarının ümum-Ukrayna assosiasiyasının VII qurultayı tərəfindən dəvət almışdı. Ukrayna Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika, Qida Biotexnologiyası və Genomikası İnstitutlarının, M.İ. Vavilov adına Ukrayna Genetiklər və Seleksiyaçılar cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfransda Ukrayna ilə yanaşı dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycan, Polşa, İngiltərə, Belorusiyadan alim və mütəxəssislər iştirak edirdi. Konfransda İ. Əzizov “Buğda cücərtilərində biogenik metal oksidlərinin nanohissəciklərinin toxumun cücərmə qabiliyyətinə, fotosintetik piqmentlərin miqdarına, FS2 və superoksid dismutaza fermentinin aktivliyinə təsiri”  mövzusunda plenar məruzə ilə çıxış etdi. Azərbaycanlı alim həmçinin plenar iclasların birində həmsədrlik etmişdir.  İ.Azizov Ukrayna Genetiklər və Seleksiyaçılar Cəmiyyətinin fəaliyyətində aktiv iştirakına və təşkil olunan konfranslarda müntəzəm iştirak etdiyinə görə diploma layiq görülmüşdür.