sa sa 2531
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib + Foto Fev 26, 2018 | 12:06 / Tədbirlər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 26 fevral - Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbir institutun əməkdaşlarının faciə qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Müəssisənin elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Ələmdar Məmmədov çıxışında Xocalı soyqırımının ermənilərin uzun tarixi dövr ərzində azərbaycanlılara qarşı bəslədikləri kin və nifrətin ən qanlı təzahürü olduğunu bildirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə artıq bir neçə ay mühasirədə saxlanılan Xocalı ermənilər və 366-cı moto-atıcı alayın hərbi birləşmələri tərəfindən işğal olundu, əliyalın, dinc əhaliyə amansız divan tutuldu. Qaniçən düşmənlər 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfəri qəddarlıqla qətlə yetirdilər. Faciədə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. 150 nəfər Xocalı sakininin taleyi hələ də məlum deyil. İnstitutun digər əməkdaşları öz çıxışlarında dəhşətli cinayətin insanlığa qarşı törədilmiş vəhşilik, terror aktı olduğunu bildirmiş, faciənin dünya miqyasında tanınması istiqamətində görülən tədbirlər vurğulanmış, daha fəal şəkildə təbliğatın aparılmasıyla bağlı təkliflər müzakirə edilmişdir.