sa sa 1752
Tanınmış alim Süleyman Allahverdiyevlə əməkdaşlıq əlaqələri müzakirə edilib + Foto Dek 27, 2019 | 09:55 / Görüşlər

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya laboratoriyasının və Rusiya Elmlər Akademiyası K.A.Timiryazev adına Fiziologiya İnstitutunun İdarə olunan fotobiosintez laboratoriyasının müdiri, REA-nın Fundamental Bioloji Problemlər İnstitutunun baş elmi işçisi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, və МFTI -nin professoru Süleyman Allahverdiyevlə görüşüb. Görüşdə fotosintez, fiziologiya, biofizika, biokimya, molekulyar biologiya və nanobiotexnologiya istiqamətlərinin Bakı Dövlət Universitetində inkişafı perspektivləri barədə müzakirələr aparılıb və bu elm sahələri ilə bağlı əməkdaşlıq əlaqələri müzakirə edilib. Rektor Elçin Babayev Süleyman Allahverdiyevin elmi araşdırmalarının nəticələrinin müntəzəm olaraq nüfuzlu jurnallarda dərc edildiyini və elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanındığını bildirib. Bitkilərin fiziologiyası və biokimyası, fotosintez və nanotexnologiyalara dair elmi əsərlər nəşr edən aparıcı beynəlxalq jurnalların redaksiya heyətinin üzvü olan S.Allahverdiyevin ötən il və bu il Rusiyada və xaricdə elmin inkişafındakı xidmətlərinə görə biologiya sahəsində ən çox istinad olunan alim kimi “Scopus Awards” və ”WoS” mükafatına layiq görülməsinə diqqət çəkib. S.Allahverdiyev haqqında deyilən xoş sözlərə görə təşəkkürünü bildirib. 1973-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirdiyini vurğulayan tanınmış alim sonrakı uğurlarında bu amilin böyük rol oynadığına diqqət çəkib. O, müzakirə edilən istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında maraqlı olduğunu bildirib. Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb.