sa sa 1692
Qaraciyər şişinin böyüməsini dayandırmaq üçün yeni metod Apr 25, 2020 | 14:42 / Maraqlı məlumatlar

Skolkovo Elm və Texnologiya İnstitutunun (Rusiya) və Massaçusets Texnoloji İnstitutunun (ABŞ) alimləri qaraciyərdə ən çox rast gəlinən xərçəngin - hepatosellülar karsinomun böyüməsini dayandırmaq üçün yeni metod yaratdılar. Kimyaterapiyanın bu xəstəliyin öhdəsindən gəlməsi üçün tədqiqatçılar proqramlaşdırılmış hüceyrə ölümünü - apoptozu bloklaşdıran mexanizmi laboratoriya siçanlarının qaraciyərində söndürdülər.

Bu mexanizmin əsas funksiyası zədələnmiş hüceyrələrin məhv edilməsidir. Hər gün insan orqanizmində 50-70 milyard hüceyrə bu mexanizm vasitəsilə ölür. Sağlam hüceyrələrin ölməsinin qarşısını almaq üçün orqanizm adətən onları bloklaşdırır.

Yeni metodun mahiyyəti məhz qaraciyərdə hüceyrələrin ölümünün qarşısını alan mexanizmi söndürməkdir. Bu mexanizm sönən kimi hüceyrələr kimyaterapiyaya daha həssas olur və nəticədə şiş hüceyrələri məhv olur və onların bölünməsinin qarşısı alınır. Apoptozu xərçəng hüceyrələrinə doğru istiqamətləndirmək üçün alimlər nanohissəciklər vasitəsilə heyvanların qaraciyərinə miRNT (qısa cüt-zəncirli RNT molekulları) daxil etdilər. miRNT qaraciyərə tam daxil olsa da, şiş hüceyrələri daha tez bölündükləri üçün kimyaterapiyaya daha həsas olurlar. Məhz bu səbəbdən onlar məhv olur, lakin sağlam hüceyrələr sağ qalırlar.

Tədqiqatçılar qeyd edirlər ki, onların metodu xərçəngin başqa növlərində də potensial olaraq tətbiq edilə bilər.