sa sa 1748
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu beynəlxalq jurnalda çapa qəbul olunub Apr 29, 2020 | 13:00 / Nəşrlər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları akademik İradə Hüseynova, b.ü.f.d. Durna Əliyeva, b.ü.f.d. İsmayıl Zülfüqarov və institutun elmi işçisi, dissertant Lalə Aydınlının həmmüəllif olduqları “Quraqlığa məruz qalmış buğda genotiplərində askorbat-qlütation sikl komponentlərinin fəaliyyətinin sutkalıq dəyişməsi” adlı məqalə yüksək impakt faktorlu Functional Plant Biology jurnalında çapa qəbul olunub. Məqalədə öz əksini tapan nəticələr uzunmüddətli torpaq quraqlığına məruz qalmış bərk (Triticum durum Desf.) və yumşaq (Triticum aestivum L.) buğda genotiplərinin yarpaqlarında askorbat-qlutation tsiklinin əsas komponentləri olan askorbat turşusunun və qlütationun miqdarının, eləcə də askorbat peroksidaza və qlütation reduktaza fermentlərinin fəallığının sutka ərzində dəyişmə dinamikasının müqayisəli tədqiqi nəticəsində əldə olunub. Aparılan tədqiqatlar buğda bitkisinin su qıtlığına davamlılığının aydınlaşdırılması və stresə davamlı sortların yaradılması üçün mühüm əhəmiyyət daşıyır.