sa sa 2175
İnstitutun aparıcı elmi işçisi, b.ü.f.d., dosent Həsən Babayevin doktorluq dissertasiyası işinin müdafiəsi keçirilmişdir + Foto Yan 30, 2018 | 10:14 / Mühüm hadisələr

30 yanvar 2018-ci il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi b.ü.f.d., dosent Həsən Qərib oğlu Babayevin “Buğda və amarant bitkilərinin quraqlıq və duz streslərinə davamlılığının biokimyəvi xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası işinin müzakirəsi keçirilmişdir. Mərhum akademik Cəlal Əliyevin elmi məsləhətçisi olduğu tədqiqat işi bitkilərin müxtəlif stres şəraitlərinə adaptasiyasının molekulyar mexanizmlərinin, hüceyrə metabolizminin tənzimi və təşkilinin başa düşülməsinə və stresin təsirinə davamlılıq yollarının işlənib hazırlanmasına imkan verməklə fotosintezin tədqiqinə həsr olunmuş kompleks tədqiqatların bir hissəsidir. Fərqli fotosintez mexanizminə malik olan bitkilərdə toxuma və subhüceyrə lokalizasiyasına görə bir-birindən fərqlənən, lakin oxşar fizioloji funksiyalara malik olan fermentlərin quraqlıq stresi şəraitində tədqiq edilməsi stresə davamlılığın biokimyəvi mexanizmlərinin dərk olunması baxımından çox aktualdır.  Dissertasiya işi şuranın üzvləri tərəfindən yekdilliklə bəyənilmiş və H.Q.Babayevin biologiya üzrə elmlər doktoru elmi dərəcəsi alması barədə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılmışdır.