sa sa 2325
"Fotosintetik fermentlərin redoks tənzimlənməsi" mövzusunda seminar keçirilib + Foto May 08, 2018 | 14:28 / Seminarlar

8 may 2018-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının kişik elmi işçisi və doktorantı Mustafayeva Ülviyyə "Fotosintetik fermentlərin redoks tənzimlənməsi" mövzusunda çıxış etmişdir. O qeyd etmişdir ki, redoks tənzimlənmə canlı hüceyrədə əsas siqnal mexanizmlərindən biridir və bu mexanizm əsasında bioloji molekulların oksidləşdirici-reduksiyaedici modifikasiyası dayanır. Redox vəziyyəti fermentativ aktivlikdə, DNT sintezi və gen ekspressiyası və s. kimi proseslərdə əhəmiyyətli rol oynayır. Redox reaksiyaları canlı hüceyrədə enerji axınlarının termodinamikasını müəyyən edir. Digər tərəfdən hüceyrə daxilində ayrı-ayrı molekulların redoks vəziyyətinin dəyişməsi, stress amillərinin təsiri və hüceyrədə tənzimlənmə proseslərinə cəlb olunmuş fermentlərin aktivliyi nəticəsində baş verir.

Sonra Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru, dosent Şahniyar Bayramov Niderland Krallığının Vageningen şəhərində elmi ezamiyyət müddətində apardığı tədqiqatlardan bəhs etmişdir. Ezamiyyət Niderland Krallığının Elmi Tədqiqatlar təşkilatının Dəvət Olunan Alim qrant layihəsi çərçivəsində baş tutmuşdur. Ş. Bayramov “Phalaenopsis genotiplərində CAM fotosintezin biokimyasina temperaturun, işıq intensivliyinin və spektrinin təsirinin öyrənilməsi” adlı beynəlxalq qrant layihəsi ilə Niderland Krallığının Elmi Tədqiqatlar təşkilatının Dəvət Olunan Alim qrant layihəsi yarışmasının qalibi olmuşdur. Alimin çıxışı seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və çıxış ətrafında ətraflı müzakirələr aparılmışdır.