sa sa 1707
Uğurlu gənclər siyasəti nailiyyətlərimizin əsasıdır İyn 08, 2020 | 16:22 / Nəşrlər

İnsan idrakının əsas forması hesab olunan elm bu gün bizi əhatə edən və yaşamalı olduğumuz gerçəkliyin getdikcə əhəmiyyətli və vacib bir hissəsinə çevrilməkdədir. Müasir cəmiyyətdə bəşəriyyətin inkişafındakı elmin rolu danılmazdır, elm insan fəaliyyətinin bütün sahələrinə təsir göstərərək yeni biliklərin yaradılmasını, təhsilin inkişafını, həyat keyfiyyətinin yaxşılaşdırılmasını və texnoloji proqresi təmin edir. Elm daim yenilənən, inkişaf edən, dəyişən bir sahədir.

Ölkəmizdə elmin inkişafında gənclərin rolu əvəzsizdir. Gənclər bütün sahələrdə olduğu kimi, elm sahəsində də uğur qazanmağa, ölkəmizin inkişafına töhfə verəcək yeniliklər ixtira etməyə, onu layiqincə təmsil etməyə çalışırlar. Daha çox gəncin elmə cəlb edilməsi üçün müxtəlif ölkələr fərqli layihələr hazırlayır, qanunlar qəbul edir. Bütün bunlar gənclər siyasətində öz əksini tapır. Burada əsas məqsəd gənclərin müxtəlif sahələrdə biliklərinin artırılması, təkmilləşdirilməsi, təcrübə əldə etmək və digər imkanlar üçün şəraitin yaradılmasıdır.

Ümummilli Lider Heydər Əliyevin 2002-ci ildə "Gənclər siyasəti haqqında” imzaladığı qanun, daha sonra Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan gəncliyi Dövlət Proqramı (2005/2009-cu illər)”, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramları, digər sərəncam və qanunamüvafiq sənədlər gənclərə göstərilən diqqət və qayğının güzgüsüdür.

Ölkəmizin gənclər siyasətində gənc alimlərin yetişdirilməsinə də xüsusi diqqət yetirilir. Azərbaycanlı gənc alimlər dünyanın bir çox ölkələrində müxtəlif sahələrdə inkişaf etmiş elm müəssisələri ilə tanış olmaq, təcrübə toplamaq, əldə etdikləri bilik və təcrübələri respublikada praktiki olaraq istifadə və inkişaf etdirmək imkanlarına sahibdirlər.

Gəncə şəhərində anadan olmuşam. 2006-cı ildə şəhərin K.D.Uşinski adına 29 saylı orta məktəbini əla qiymətlərlə bitirib, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuşam. 2010-cu ildə həmin fakültənin bakalavr, 2013-cü ildə isə "Molekulyar biologiya” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişəm. 2012-ci ildən Bakı Dövlət Universitetində təhsillə paralel olaraq, AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin (indiki AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun) beynəlxalq Molekulyar biotexnologiya laboratoriyasında kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışam. 2014-cü ildə AMEA Botanika İnstitutunun "Molekulyar Biologiya” ixtisası üzrə əyani doktoranturasına daxil olmuşam. Dissertasiya işimlə əlaqədar 2014-cü ilin avqust ayından 2015-ci ilin iyuluna kimi ABŞ-ın Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzində təcrübə proqramına qatılmışam. Proqram çərcivəsində yeni dərman preparatlarının hazırlanması sahəsində əldə etdiyim nailiyyətlərə əsasən təcrübələrimi davam etdirmək məqsədilə, ABŞ-ın Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzi tərəfindən dəvət məktubu almışam, 2016-2018-ci illər ərzində həmin mərkəzdə elmi işçi vəzifəsində çalışmışam. Apardığım tədqiqatlar zamanı elm üçün yeni nəticələr əldə edərək vətənə qayıtmışam. 2019-cu ildən etibarən, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Molekulyar biotexnologiya laboratoriyasında böyük elmi işçi vəzifəsinə işə qəbul edilmişəm və hazırda biologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmək ərəfəsindəyəm.

2016-cı ilin mart ayında ABŞ-nın Delaver ştatında keçirilən "New Cells, New Vaccines” mövzusunda konfransda Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzində apardığım tədqiqatların nəticəsini əks etdirən posterim böyük maraq doğurmuşdur.

"Yüksək virulent və dərman preparatlarının təsirinə davamlı xəstəlik törədicilərinə qarşı yeni antibiotiklərin işlənilib hazırlanması” mövzusunda tədqiqat işimin nəticələri respublika və xarici jurnallarda nəşr edilib, dəfələrlə yerli və beynəlxalq konfranslarda təqdim olunaraq sertifikat və diplomlara layiq görülüb. 10 elmi əsərin müəllifiyəm.

2019-cu ilin sentyabr ayında Tacikistan Respublikasının Düşənbə şəhərində Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (BEAA) 32-ci iclasının çərçivəsində "Gənc alimlərin elm, innovasiyalar və texnologiyaların inkişafında rolu” mövzusunda keçirilən konfransda AMEA-nın elmi fəaliyyəti və son illər ərzində əldə olunan nailiyyətləri və Gənc Alim və Mütəxəssislər Şurası haqqında məruzə ilə çıxış etmişəm.

2014-cü ildə elmi fəaliyyətdə fərqləndiyim üçün Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif edilmişəm.

Biz gənclərin inkişafında dövlət başçısı, cənab İlham Əliyevin qayğısı daim hiss olunur. Son illər ərzində Azərbaycanın elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizdə gənclər siyasətinin səmərəliliyinin göstəricilərindəndir. Azərbaycanın gənc alimlərinin elmin müxtəlif sahələrində söz sahibi olması və daim nüfuzlarının artırılması bizlərə yaradılan imkanların nəticəsidir. Elmlə məşğul olan gənclər onlara göstərilən qayğını yüksək qiymətləndirir və Azərbaycanda elmin inkişafı üçün dayanmadan çalışır.

 

Aytən AĞAYEVA,

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun böyük elmi işçisi

azerbaijan-news.az