sa sa 1911
Akademik Seyfəddin Əliyevin 90 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib + Foto İyn 11, 2020 | 15:20 / Tədbirlər

11.06.2020-ci il tarixində AMEA Zoologiya İnstitutunda akademik Seyfəddin Əliyevin 90 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbiri AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) rəhbəri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova açıq elan edərək, indiki şəraitdə xalqımızın adından dövlət başçımıza yürütdüyü düzgün siyasət, vaxtında verdiyi lazımi qərarlar və pandemiyanın təsirinin minimum səviyyəyə endirilməsinə yönəldilmiş qabaqlayıcı tədbirlərə görə minnətdarlığını bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə söylədiyi "Biz birlikdə güclüyük!” çağırışı real həyatda, ən çətin proseslərdə taleyüklü məsələlərin həllində özünün real gücünü və əhəmiyyətini isbat etmişdir.

İ.Hüseynova qeyd edib ki, bugünkü tədbir akademik Seyfəddin Əliyevin 90 illik yubileyinə həsr olunub. Seyfəddin Əliyev 168 elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, kənd təsərrüfatı işçilərinə kömək məqsədilə yazılmış 4 kitabın, 3 elmi-kütləvi kitabçanın müəllifidir.  O, orta məktəbin 7-8-ci sinifləri üçün “Zoologiya” dərsliyinin, 10 cildlik “Azərbaycan ensiklopediyası”nın müəlliflərindən və V.A. Dogelin universitetlər üçün rus dilində yazdığı “Onurğasızlar zoologiyası” dərsliyini Azərbaycan dilinə tərcümə edən müəlliflərdən biridir. O, Azərbaycan dilinə tərcümə olunmuş 3 cilddən ibarət olan rus və azərbaycan dillərində çap olunmuş “Azərbaycanın heyvanlar aləmi” monoqrafiyasının II cildinin əsas tərtibçisi və məsul redaktorudur. Bundan başqa ali məktəblər üçün yazılmış 9 dərsliyin, 2 dərs vəsaitinin, 6 monoqrafiyanın, 4 kitabçanın redaktoru, həmçinin Azərbaycan dilinin izahlı lüğətinin IV cildində verilən zoologiya və entomologiya terminlərinin tərtibçisidir. İ.Hüseynova Seyfəddin Əliyevi həm bir insan, həm də alim kimi tanıdan keyfiyyətlərindən bəhs edib və alimin Biologiya və Tibb Emləri Bölməsinin fəxri fərmanına layiq göyüldüyünü qeyd edib.

Daha sonra Zoologiya İnstitutunun direktoru  biologiya üzrə elmlər doktoru, dosent  Elşad Əhmədov çıxış edərək Seyfəddin Əliyevin Azərbaycan elminə verdiyi töhfələrdən bəhs etdi. Tədbirdə həmçinin prof, b.ü.е.d. Canbaxış Nəcəfov, AMEA-nın müxbir üzvi prof. İlham Ələkbərov, b.ü.f.d. Qara Fətəliyev  və başqaları çıxış ediblər. Tədbirin sonunda Seyfəddin Əliyevə həsr olunmuş film nümayiş etdirilib.