sa sa 1719
Akademik Abdulla Qarayevin 110 illik yubileyinə həsr olunmuş onlayn elmi konfrans keçirilib + Foto İyn 29, 2020 | 12:39 / Konfranslar, iclaslar

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun təşkilatçılığı ilə gənc alimlərin akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyinə həsr olunmuş “XXI əsr fiziologiyası” elmi-praktiki onlayn konfransı keçirilib.

“Zoom” platforması vasitəsilə baş tutan tədbirdə BTEB-in üzvləri, AMEA-nın Fiziologiya İnstitutu da daxil olmaqla müvafiq elmi tədqiqat institutlarının, eləcə də Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Tibb Universitetinin (ATU) və digər müəssisələrinin təmsilçiləri, alim və mütəxəssislər iştirak ediblər.

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, BTEB-in Elmi şurasının sədri, akademik İradə Hüseynova akademik A.Qarayevin yaradıcılığından bəhs edib, onun həyat yolunun gənc alim və mütəxəssislər üçün örnək olduğunu qeyd edib. Akademik İ.Hüseynova konfransın işinə uğurlar arzulayıb.

Daha sonra onlayn konfransda gənc alim və tədqiqatçılar elmi məruzələrini təqdim ediblər.

Həmçinin tədbir çərçivəsində təşkil edilən müsabiqənin qalibləri açıqlanıb. Müsabiqənin nəticələrinə görə, I yeri Fiziologiya İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Şövqi Hüseynov, II yeri ATU-nun Normal fiziologiya kafedrasının assistenti Aygün Cəfərova, III yeri isə iki nəfər – BDU-nun İnsan və heyvan fiziologiyası kafedrasının doktorantı Könül Həsənova və İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinin baş məşqçisi, Fiziologiya İnstitutunun doktorantı Sultan Muradov tutublar.

science.gov.az