sa sa 1640
İyunun 30-da böyük alim, ictimai-siyasi xadim Cəlal Əlirza oğlu Əliyevin anadan olmasından 92 il keçir İyn 30, 2020 | 09:36 / Mühüm hadisələr

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Cəlal Əliyev məktəbinin yetirməsi olduqları üçün qürur hissi keçirir və müəllimlərinin Azərbaycan elmindəki misilsiz xidmətlərini heç zaman unutmurlar. Akademik Cəlal Əliyevin əziz xatirəsi daim qəlblərdə yaşayır və onun elmi ideyaları tələbələri tərəfindən layiqincə həyata keçirilir.

Bir şəxsiyyət kimi tələbələrinə daim örnək olan alimin Azərbaycanda biologiya elminin inkişafında müstəsna rolu olub. Ömrünün altmış ildən çoxunu Azərbaycan elminin inkişafına həsr edən, yüzə yaxın elmi kadr hazırlamış görkəmli alimin dərin nəzəri bilikləri və ideyaları nəticəsində yeni buğda sortlarının yaradılmasına nail olunub. Onun nəzəriyyə və təcrübənin vəhdətini daim əsas götürməklə qazandığı nəticələrin tətbiqi respublika iqtisadiyyatının inkişafı və məhsuldarlığın yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edib.

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun yaradılmasının dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılmasında mühüm addımlardan biri olub.

Biologiyanın müasir istiqamətlərindən olan molekulyar biologiya, molekulyar genetika, riyazi biologiya, bioinformatika, gen və hüceyrə biotexnologiyası, gen mühəndisliyi sahələri Azərbaycan elmində ilk dəfə olaraq məhz Cəlal Əlirza oğlu Əliyevin uzaqgörənliyi, təşəbbüskarlığı, milli təəssübkeşliyi, novator-alim mövqeyi nəticəsində inkişaf etdirilmiş, onun rəhbərliyi ilə bu elmlərin kadr bazası formalaşdırılmışdır. Onun rəhbərliyi ilə respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktiki məsələlərinin həllində riyazi metodlardan və kompüter texnologiyasından istifadə etmək mümkün olmuşdur. Akademik Cəlal Əliyevi yaxından tanıyanlar yaxşı bilirlər ki, o, taleyini təkcə elmi yaradıcılığa həsr etməklə kifayətlənməmişdir. C.Əliyev həmçinin Azərbaycan elmində nüfuzlu bir mövqe qazanmış böyük bir elmi məktəbin yaradıcısı və rəhbəridir. Cəlal müəllim həmişə gənc alimlərə arxa-dayaq, böyük məsləhətçi olmuşdur. Əməkdar Elm Xadimi Cəlal Əliyevin elmi məktəbinin yetirmələrinin səs-sorağı bu gün ABŞ, Kanada, İsveç, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Avstraliya, Rusiya və onlarca digər qabaqcıl ölkələrin tanınmış universitetlərindən, elmi-tədqiqat müəssisələrindən, beynəlxalq mərkəzlərdən gəlir.

Akademik Cəlal Əliyev təkcə alim kimi deyil, həm də bir insan, bir dost olaraq insanlığın zirvəsində olmuşdur. Mənalı və şərəfli ömür yolu keçmiş, elmə çox dəyərli töhfələr vermiş akademik Cəlal Əliyevin əziz xatirəsi ürəklərdə yaşayacaq, Azərbaycan xalqı görkəmli övladının xatirəsini daim uca tutacaq.