sa sa 2602
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi + Foto May 25, 2018 | 15:11 / Tədbirlər

25 may 2018-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi. İnstitutun elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Ələmdar Məmmədov tədbiri giriş sözü ilə açıq elan edərək Şərqdə ilk Demokratik Respublikanın yaranmasının dövlətçilik ənənələrimizin bərpasında, dirçəlməsində mühüm hadisə olduğunu bildirdi. 1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirilmiş və Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edilmişdir. Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə seçilmişdir.  Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaradılmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlanmışdı. AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. 1918-ci il 28 mayda Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra yığılan Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk Hökuməti təsdiq edildi. Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski, ilk Hökumətin üzvləri Xosrov bəy Sultanov, Məmmədhəsən Hacınski , Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Xudadat bəy Məlik-Aslanov, Camo bəy Hacınski təsdiq edildilər. Ə.Məmmədov nitqində xüsusilə vurğulamışdır ki, Birinci Dünya Müharibəsinin başa çatması ilə müşayiət edilən gərgin diplomatik mübarizə şəraitində yaranmış Azərbaycan Demokratik Respublikası 23 ay ömür yaşamasına baxmayaraq müstəqil fəaliyyəti dövründə çox vacib qərarlar qəbul edilmişdir. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. 1918-ci il iyunun 26-da Hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı. General-leytenant Əliağa Şıxlinski korpusun komandiri təyin olunmuşdu. Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən, Azərbaycanın dövlət bayrağı kimi qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul olunmuşdu. Noyabrın 9-da bu bayraq, ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi.  Azərbaycanın dövlət gerbi və himni haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb və himn nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi,  Şimali Azərbaycanın rus-bolşevik qoşunları tərəfindən işğal olunması nəticəsində gerb və himn qəbul edilməmişdir. Tədbirdə institutun digər əməkdaşları çıxış edərək, 2018-ci ilin xalqımız üçün əhəmiyyətini bildirmiş, 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılması nəticəsində, müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasının məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd etmişlər.