12 iyul 2020-ci il tarixindən Ermənistan ordusu bölmələri Tovuz rayon istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya qurğularından istifadə edərək hücuma cəhd ediblər. Azərbaycan silahlı qüvvələrinin əks həmləsi və cavab atəşi ilə düşmənə ağır zərbələr endirilib, ərazi itkisinə yol verilməyib. Döyüşlərdə ordumuzun zabit və əsgərləri qəhrəmancasına şəhid olmuş, yaralanan hərbçilərimiz tezliklə sağalmağı ümid edir, yenidən cəbhəyə qayıdaraq, vətənin müdafiəsinə can atırlar.
Bütün dünyada COVİD-19 pandemiyasıyla mübarizənin aparıldığı indiki dövrdə düşmənin atəşkəs rejimini pozaraq, törətdiyi təxribatlar Ermənistanın Dağlıq Qarabağ münaqişəsiylə bağlı danışıqlar prosesinə laqeyd münasibətinin, beynəlxalq təşkilatların qayda və normalarını məqsədli şəkildə, qəsdən pozmasının ifadəsidir, əsl erməni mənsubiyyətinə, xislətinə uyğun hərəkətdir. 30 ilə yaxın müddətdə Azərbaycanın tarixi torpaqlarının işğalının davam etdirilməsi, mütəmadi olaraq sərhəd bölgələrində vəziyyətin gərginləşdirilməsi, hücum cəhdləri hətta yaşayış məntəqələrinin, mülki əhalinin atəşə tutulması Ermənistan dövlətinin təcavüzkar siyasətini dünyaya nümayiş etdirir. Tovuzda törətdikləri təxribat nəticəsində Ağdam kənd sakininin həlak olması işğalçı dövlətin növbəti aqressiv aktıdır.
Dəqiq, kəskin həmlələrlə hücumun qarşısının alınması, vəziyyətə tam nəzarət edilməsi dövlətin güclü siyasi iradəsi, silahlı qüvvələrimizin şücaətini sübut edir. Vətəndaş olaraq hər kəs haqq işində dövlət və ordu ətrafında sıx birləşib, bu yolda prezidentimizin bütün əmr və göstərişlərinə hazırdır. Bütün Azərbaycan xalqı və gənclər Ali baş komandan cənab prezident İlham Əliyevin qətiyyətli rəhbərliyini, siyasətini dəstəkləyir, Milli ordumuzun gücünə arxalanır və bu tandemin tezliklə Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyinə, doğma torpaqlarının düşmən tapdağından təmizləyəcəyinə inanır. Tarix boyu çətinliklərdən keçmiş, ağır sınaqlarla üzləşmiş Azərbaycan növbəti mübarizəsindən də üzüağ, alnıaçıq, qələbəylə çıxacaq, üçrəngli, ay-ulduzlu bayrağımız qədim ərazilərimizdə dalğalanacaq. Haqq, ədalət şər üzərində qalib gələcək. Zəfər günlərinə doğru inamla irəliləyirik.
Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin mütəxəssisi İsmayılova Nigar