sa sa 3335
Akademik Vahid Hacıyevin 90 illik yubileyinə həsr olunan “Botaniki tədqiqatlarda yeni çağırışlar” adlı elmi konfrans keçirilmişdir + Foto İyn 21, 2018 | 11:37 / Konfranslar, iclaslar

İyun ayının 20-21-də AMEA-nın Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyətinin birgə təşkilatçılığı ilə akademik Vahid Hacıyevin 90 illik yubileyinə həsr olunan “Botaniki tədqiqatlarda yeni çağırışlar” adlı elmi konfrans keçirilmişdir. İki gün davam edən konfransda "Bitki sistematikası, təkamülü və müxtəlifliyi", "Mikoloji tədqiqatlar: müxtəliflik, sistematika və təkamül", "Bitki ehtiyatları və səmərəli istifadə yolları", "Bitkilərin fiziologiyası, biokimyası və biofizikası", "Ətraf mühit və ekosistem tədqiqatları" və "Sahələrarası tədqiqatlar" bölmələri üzrə müxtəlif mövzularda məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun gənc əməkdaşlarından Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Səmra Mirzəyeva "Tobacco mosaic virus ilə yoluxmuş tomat bitkisinin yarpaqlarında bəzi fizioloji göstəricilərin öyrənilməsi" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi Azərbaycanın müxtəlif bölgələrində sahə şəraitində və istixanalarda becərilən tomat bitkisini yoluxduran virus xəstəliklərinin seroloji və molekulyar metodlarla diaqnostikası və identifikasiyası nəticəsində Azərbaycanda ilk dəfə olaraq tomat bitkisini yoluxduran RNT və DNT genomlu viruslar və onların qarışıq formalarının aşkar edilməsi haqqında məlumat vermişdir. İnstitutun Bitki biotexnologiyası laboratoriyasının böyük laborantı Sadıqova Elnarə “Şirvan-Şahı üzüm sortunun birgözlü çilinglərinin  kimyəvi terapiyasi üçün  antibiotiklərin seçilməsi “ mövzusunda çıxış etmişdir. Çıxışda tədqiqat obyekti olan Şirvan – Şahı üzüm sortunun seçilməsi və mikroklonal üsulla çoxaldılmasının əhəmiyyəti vurğulanmışdır. Xloroplastların fotokimyası laboratoriyasının kiçik elmi işçisi Tağıyeva Könül “NaCl duzunun müxtəlif qatılıqlarının buğda və qarğıdalı toxumlarının cücərməsinə və cücərtilərdə fotosintez piqmentlərinin miqdarına təsiri” mövzusunda çıxış edərək bitkilərin stresə davamlılığının artırılması istiqamətində aparılan tədqiqatların əhəmiyyətini qeyd etmişdir.

Bİtki biotexnologiyası laboratoriyasının böyük laborantı Günay İsmayılova, Bioadaptasiya laboratoriyasının böyük laborantı Gülnar Abdullayeva və Fotobioenergetika laboratoriyasının kiçik elmi işçisi Ülviyyə Vəliyeva hazırladıqları posterləri konfrans iştirakçılarına təqdim etmişlər. Konfransın sonunda gənc tədqiqatçılara sertifikat və fəxri fərmanlar təqdim olunmuşdur.