sa sa 1615
Elmi şurasının növbəti iclası keçirilib. + Foto Sen 24, 2020 | 15:45 / Konfranslar, iclaslar

24 sentyabr 2020-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Karantin rejiminin tələblərinə uyğun və sosial məsafə gözlənilməklə baş tutan tədbirdə şuranın bir neçə üzvü onlayn iştirak ediblər. İclası AMEA-nın vitse-prezidenti, institutun direktoru, Elmi şuranın sədri akademik İradə Hüseynova açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İnstitutun magistraturasına qəbulun nəticələri barədə şura üzvlərinə məlumat verən Təhsil şöbəsinin müdiri, dosent Samirə Rüstəmova bildirib ki, cari ildə magistraturaya “Molekulyar biologiya” ixtisası üzrə 3, “Biotexnologiya” ixtisası üzrə 2, “Biokimya” ixtisası üzrə isə 2 nəfər daxil olub. İclasda institutun “Biotexnologiya” ixtisası üzrə II kurs magistrantı Aytac Mürşüdzadənin Türkiyənin Akdeniz Universitetinə və “Bitki biotexnologiya” laboratoriyasının kiçik elmi işçisi Elnarə Sadıqovanın doktorantura təhsili almaq məqsədilə Belçikanın  Gent Universitetinə ezam edilməsi haqqında məsələlər müzakirə edilib. Tədbirdə həmçinin “Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Əsərləri” və “AMEA-nın məruzələri” jurnallarının növbəti nömrələrinə məqalələrin təqdim olunması, Biologiya və Tibb Elmləri Bölməsində çıxış üçün məruzələrin mövzularının müəyyənləşdirilməsi kimi məsələlər də müzakirə olunub. Akademik İradə Hüseynova  Elmi şuranın üzvü Rusiya Elmlər Akademiyası Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, Biologiyanın Fundamental Problemləri  İnstitutunun baş elmi işçisi, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Bionanotexnologiya laboratoriyasının müdiri, b.e.d. Süleyman Allahverdiyevi 70 illik yubileyi münasibətilə təbrik edərək  ona gələcək elmi fəaliyyətində uğurlar arzulayıb. Alimin yubiley sessiyasının keçirilməsi haqqında Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edilib.