sa sa 1994
Mərhum akademik Cəlal Əliyevin 90 illik yubileyi qeyd olunmuşdur + Foto İyn 29, 2018 | 15:53 / Yubileylər

İyunun 29-da görkəmli alim, dahi şəxsiyyət, akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyi münasibətilə AMEA-nın  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Botanika İnstitutu, Əkinçilik İnstitutu, Fiziologiya İnstitutu və Dendrologiya İnstitutunun əməkdaşları və alimin tələbələri Fəxri xiyabanda mərhumun məzarını ziyarət etmiş, əziz xatirəsini yad edərək məzarı önünə əklillər və gül dəstələri qoymuşlar. Daha sonra Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yubileylə əlaqədar olaraq anım tədbiri keçirilmişdir. Tədbir Cəlal Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. AMEA-nın vitse prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutun direktoru, akademik İradə Hüseynova Cəlal Əliyev məktəbinin  yetirməsi olduğu üçün qürur duyduğunu bildirərək, akademikin Azərbaycan elmindəki misilsiz xidmətlərindən bəhs etdi. İradə xanım müəlliminin müsbət insani keyfiyyətlərindən söz açaraq, onun bir şəxsiyyət kimi tələbələrinə örnək olduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycan elmi qarşısında müstəsna və təmənnasız xidmətlərinə görə bu şəxsiyyət hələ sağlığında özünə əbədi abidə ucaltmışdır. Onun yaratdığı dünya səviyyəli müasir elmi məktəb və bu məktəbin onlarla istedadlı yetirməsi bu gün Azərbaycanda və dünyanın ən nüfuzlu mərkəzlərində  tədqiqatlar apararaq, yeni elmi nailiyyətləri ilə respublikamızın, elmimizin adını ucaldırlar. Tədbirin sonunda “Elmə həsr olunan ömür” adlı sənədli film nümayiş olundu.