sa sa 1599
AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin seminarı keçirilib + Foto Okt 13, 2020 | 08:25 / Konfranslar, iclaslar

Oktyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin AMEA Biologiya və Tibb Elmləri Bölməsi ilə seminarı keçirilib. Seminarda bölməyə aid olan müəssisə və təşkilatların rəhbərləri, kadrlar üzrə məsul əməkdaşlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynova bölmənin tərkibinə daxil olan elmi müəssisə və təşkilatların fəaliyyətinin hüquq normaları çərçivəsində, qanunvericiliyin tələblərinə uyğun olaraq təşkilinin vacibliyindən danışaraq bu məsələdə bölmənin Hüquq və kadrlar idarəsi ilə əməkdaşlıq şəraitində çalışmalı olduqlarını vurğulayıb.

AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Rasim Ağasiyev seminar mövzularını tədbir iştirakçılarının diqqətinə çatdırıb, AMEA prezidentinin əmr vermək səlahiyyətinin tətbiq edilməsi və AMEA-nın elmi müəssisə və təşkilatlarının bəzi ştat vahidlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi barədə AMEA Rəyasət Heyətinin qərarları ilə bağlı müzakirələrin aparılacağını bildirib.

AMEA-nın hüquqi təminat bazasının möhkəmləndirilməsi və onun fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2014-cü il tarixli 386 nömrəli Fərmanını xatırladan Hüquq və kadrlar idarəsinin rəisi Rasim Ağasiyev həmin fərmanla təsdiqlənən akademiyanın Nizamnaməsinin 9.5.10-cu maddəsinin tələbləri nəzərə alınaraq AMEA prezidenti tərəfindən hansı hallarda icrası məcburi olan və elmi müəssisə və təşkilatlar üzrə fərdi məsələlər barədə əmrlərin veriləcəyindən, hansı hallarda isə ümumi məsələlər üzrə sərəncam verilə biləcəyindən danışıb. Əməkdaşlar xarici ezamiyyətlərə göndərilərkən qanunvericiliyin tələbinə görə hansı prosedur qaydaların mövcud olması barədə məsələyə də aydınlıq gətirən idarə rəisi müəssisələrdə elmi işlər üzrə direktor müavini və elmi katibin prezident tərəfindən işə götürülməsinin Rəyasət Heyətinin nomenklaturasına aid olduğunu və prezident tərəfindən işə götürüldüyünü qeyd edib. Laboratoriyaların yaranması, adlarının dəyişdirilməsi və laboratoriya müdirinin təyinatının yalnız Rəyasət Heyətinin qərarı əsasında həyata keçirildiyini deyən R.Ağasiyev bu cür məqamlara xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb.

Seminarda növbəti məsələ AMEA-nın elmi müəssisə və təşkilatlarının bəzi ştat vahidlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi barədə olub. Hüquq və kadrlar idarəsinin fəaliyyət istiqamətlərindən birinin AMEA Rəyasət Heyəti aparatının və AMEA-nın elmi müəssisə və təşkilatlarının fəaliyyətinə hüquqi yardım göstərmək olduğunu söyləyən idarə rəisi “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda nəzərdə tutulmayan ştat vahidləri üzrə işçilərin işə götürülməsinin yolverilməz olmasını seminar iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə qeyd olunan məsələlərlə əlaqədar öz qurumlarında müxtəlif problemlərlə qarşılaşmış müəssisə rəhbərlərinin sualları cavablandırılıb, lazımi tövsiyyə və məsləhətlər verilib.

science.gov.az